"Klubun daxilində olmadığımız üçün Vaqif Cavadovun "Sumqayıt"dan göndərilməsinə münasibət bildirmək çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

Tanınmış menecer Vaqif Cavadovun "Sumqayıt"ın baş məşqçi postundan ayrılmasına münasibət bildirib:

"Bəlkə də rəhbərlik son nəticələrdən narazı qalıb və indidən növbəti mövsüm üçün komanda qurmaq istəyir. Əlbəttə, gözləyib, mövsüm bitəndən sonra bu addımı atmaq olardı. Yenə də rəhbərlik daha yaxşı bilir. Son mətbuat konfransında Cavadovun klubun rəhbərliyinə və jurnalistlərə irad tutması ilə bağlı fikirlərinə görə göndərilməsinə inanmıram. Yenə də bizim bilmədiyimiz məsələlər ola bilər".

Qeyd edək ki, Vaqif Cavadovun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onunla ötən il 2,5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu pillədə yer alıb.