"Hər komanda məğlub ola bilər. Çempionatın sonuna yaxınlaşırıq, yorğunluq var. Çətin perioddan keçmişik. Bunların hamısı özünü göstərir". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın qapıçısı Kamran İbrahimov deyib.
O, mövsümün sonuna iki tur qalmış komandasının turnir cədvəlində ikinci yeri tutma şanslarından danışıb:
"İkinci yerdə olan "İmişli" ilə aramızda iki xal fərq var. Əsas məqsədimiz növbəti iki oyunda qalib gəlməkdir. Bilirik ki, ikinci yeri tutmaq üçün "İmişli" xal itirməlidir, biz də qalib gəlməliyik".
"Neftçi"nin yetirməsi növbəti mövsüm elitaya vəsiqə qazanan "Karvan"ın heyətində qalmaq istədiyini bildirib:
"Bəli, Premyer Liqaya çıxmaq üçün əlimizdən gələni etdik və məqsədimizə çatdıq. Klubda kimin qalıb və ya qalmayacağı baş məşqçi Kənan Kərimovdan asılıdr. Əlbəttə, növbəti mövsüm Premyer Liqada "Karvan"ın uğurları üçün çalışmaq istəyirəm.
Qeyd edək ki, "Qəbələ", "Karvan" və "İmişli" növbəti mövsüm Premyer Liqada çıxış edəcək.