AFFA-nın İntizam Komitəsi gənclər liqalarında baş verən qayda pozuntuları və insidentlərlə bağlı sərt cəza qərarları çıxarıb. Sport24.az xəbər verir ki, cəzaların böyük hissəsi U-17 Liqası çərçivəsində keçirilən "Qarabağ" – "Sabah" qarşılaşmasında yaşanan qalmaqallara görə verilib.
Matç ərzində və oyundan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlədən, həmçinin kütləvi davada iştirak edən "Sabah"ın futbolçuları Kənan Əliyev və Nizami Nəbiyev 6 oyunluq diskvalifikasiya olunublar. "Sabah" klubu isə 1000 manat cərimələnib. Ağdam təmsilçisinin heyətində isə davaya görə qırmızı vərəqə alan Ayxan İbadov 4, hakimi təhqir edən İbrahim Sadiqli isə 5 matçlıq cəzaya məruz qalıb.
Analoji hallar digər qarşılaşmalarda da qeydə alınıb. "İmişli" – "Şamaxı" (U-17 Liqası) matçında qonaq komandanın köməkçi məşqçisi Tərlan İsgəndərov hakimi təhqir etdiyi üçün 5 oyunluq texniki zonadan məhrum edilib. "İmişli" – "Turan Tovuz" (Gənclər Liqası) qarşılaşmasında isə ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq referini təhqir edən Tovuz təmsilçisinin futbolçusu Uğur Kişiyev 6 oyunluq cəzalandırılıb. Nəticədə "Turan Tovuz" klubu da 1000 manat cərimə ödəməli olacaq.