Azərbaycan Kubokunun II təsnifat mərhələsində öz meydanında "Baku Sportinq"ə qalib gələrək mərhələ adlayan "Kəpəz"in baş məşqçisi Azər Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında iştirak etdi. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:

 

– Hər vaxtınız xeyir. Etiraf edək ki, ümumən ölkəmizdə kubok oyunlarına azarkeş marağı bir qədər az olur. Buna baxmayaraq, Gəncə azarkeşləri bir daha göstərdilər ki, hər şəraitdə "Kəpəz"in yanındadırlar. Bizi sonadək dəstəklədikləri üçün onlara xüsusi təşəkkür edirəm. Bu gün çalışdıq ki, çempionatda daha az meydan şansı qazanan futbolçulara imkan yaradaq. Həmçinin zədədən yeni qayıdan oyunçularımız var idi. Onların bərpa olunması üçün bu qarşılaşmanı yaxşı bir fürsət hesab etdik. Ən sevindirici hal odur ki, bu gün start heyətimizdə Gəncə futbolunun 5 yetirməsi yer almışdı, bir gəncimiz də ehtiyatdan oyuna daxil oldu. Əslində, ehtiyat skamyada olan digər gəncəli futbolçulara da şans vermək istəyirdik, lakin matçın gedişatındakı hesab bizi bir qədər gözləmə mövqeyinə çəkdi və məcburən başqa variantlara əl atmalı olduq. Rəqibə gəlincə, "Baku Sportinq"də baş məşqçi dəyişikliyi olduğunu bilirdik. Fürsətdən istifadə edib Bəxtiyar Soltanovu yeni təyinatı münasibətilə təbrik edir, ona işlərində uğurlar arzulayıram. Kubok oyunları rəqibin I Liqa və ya Premyer Liqa təmsilçisi olmasından asılı olmayaraq həmişə ağır keçir. Bu gün xüsusilə birinci hissə bizim üçün çətin alındı. İkinci yarıda isə komandamız tam istədiyimiz futbolu sərgilədi və qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmə görə təşəkkür edirəm. İndi bütün diqqətimizi qarşıdan gələn vacib "İmişli" matçına yönəldirik".