Bəhreyndə Formula 1 üzrə yeni mövsümdən əvvəl keçirilən test yarışlarının ilk günü geridə qalıb. Sport24.az xəbər verir ki, gözlənildiyi kimi, son iki mövsümün çempionu Maks Ferstappen yenə də rəqiblərinə heç bir şans verməyib.

Belə ki, “Red Bull” pilotu 157 dövrə ilə yadda qalıb. Onun ən sürətli dövrəsi 1 dəqiqə 32 saniyə olub.

İkinci ən yaxşı göstəriciyə “Aston Martin”də debüt edən Fernando Alonso imza atıb. İspaniyalı pilot Ferstappendən 0,029 saniyə geridə qalıb.

Digər iki pillədə “Ferrari” pilotları qərarlaşıb. Karlos Sayns 3-cü, Şarl Lekler isə 4-cü ən yaxşı nəticəni göstərib. “Maklaren”dən Lando Norris 5-ci, “Mersedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton 6-cı olub.

Yarışda 19 pilot qüvvəsini sınayıb. Ferstappenin komanda yoldaşı Serxio Peres isə mübarizəyə qoşulmayıb. Yeri gəlmişkən, səhər keçirilən test yarışında 10 pilot öz qüvvəsini sınamışdı. Həmin mübarizədən də məhz Ferstappen qalib ayrılmışdı.