"Krasnodar" baş məşqçi Murad Musayevi vəzifəsindən azad edə bilər. Bildirilir ki, klubun sahibi Sergey Qalitski mövcud vəziyyətdən ciddi şəkildə narazıdır. Sport24.az xəbər verir ki, bu barədə "Sila Sport" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub rəhbərliyi məşqçilər heyətində dəyişikliklər etməyi nəzərdən keçirir. Baş məşqçi Murad Musayevin vəzifəsindən uzaqlaşdırılması ehtimalı komandada uzun müddətdir davam edən böhranla bağlıdır. Rusiya Kuboku çərçivəsində evdə "Fakel"ə gözlənilməz məğlubiyyət (0:2) Qalitskini özündən çıxarıb. Həm nəticə, həm də oyun keyfiyyəti klubun sahibini son dərəcə məyus edib. O, oyun bitən kimi dərhal paltardəyişmə otağına daxil olaraq, mövcud vəziyyətdən qəti şəkildə narazı olduğunu bildirib.

 

Qeyd edək ki, "Krasnodar" ardıcıl beş oyundur ki, qələbə qazana bilmir. Komanda Rusiya Premyer Liqasında "Krılya Sovetov" (2:2), "Akron" (1:1) və "Orenburq" (0:0) ilə heç-heçə edib, ardınca isə "Zenit"ə (2:3) məğlub olub. oktyabrın 13-də isə "Krasnodar" "FONBET Rusiya Kuboku"nun qrup mərhələsində öz meydanında "Fakel"ə (0:2) uduzaraq, qələbəsiz seriyasını beş oyuna çatdırıb.