"Sözün düzü, komandamız bir qədər gec formalaşdı. Buna görə də çempionatın bizim üçün çətin keçəcəyini gözləyirdik". Bu sözləri Sport24.az-a "Gəncəbasar"ın kapitanı Süleyman Əhmədov deyib.
Gəncə təmsilçisinin təcrübəli müdafiəçisi komandanın çempionata uğurlu startından danışıb:
"Amma futbolçularımız qısa müddətdə toparlanmağı və komanda kimi formalaşmağı bacardılar. Əsasən gənc futbolçulardan ibarət, istəkli və mübariz kollektivimiz var. Şükürlər olsun ki, keçirdiyimiz 4 oyunun hamısında qələbə qazanmışıq. Bu, bizim üçün çox yaxşı göstəricidir. Əsas məqsədimiz əldə etdiyimiz uğurlu nəticələri davam etdirmək və qarşıdakı oyunlarda da qələbələr qazanmaqdır".
Premyer Liqa təcrübəsi olan kapitan elita ilə Birinci Liqa arasında fərqi də qabardıb:
"Premyer Liqa ilə I Liqa arasında əsas fərq ondan ibarətdir ki, elitada daha çox keyfiyyətli və taktiki futbola üstünlük verilir. Birinci Liqada isə əsasən fiziki mübarizə və döyüşkən futbol ön plana çıxır. Burada hər oyunda sona qədər mübarizə aparmaq, meydanda əzmkarlıq göstərmək çox vacibdir. Hər iki liqanın özünəməxsus çətinlikləri var və futbolçular da bu fərqə uyğunlaşmalıdırlar".
Əhmədov komandasının mövsüm üçün hədəflərini də açıqlayıb:
"Çempionata uğurlu start vermişik və istəyimiz bu nəticələrin davamını gətirməkdir. Qarşıda bizi çətin oyunlar gözlədiyini bilirik, amma komandamızın potensialına inanıram. Fikrimcə, maksimum çalışmaq, birlik nümayiş etdirmək və oyunlara ciddi hazırlaşmaqla daha yaxşı nəticələr əldə edə bilərik. Məqsədimiz ən üst pillələr uğrunda mübarizə aparmaq və mövsümün sonunda mümkün qədər yaxşı nəticə göstərməkdir".
Qeyd edək ki, "Gəncəbasar" I Liqada 4 turdan sonra 12 xalla 2-ci pillədə qərarlaşıb.