Bu ilki ''Rolan Qarros''da neytral statusda çıxış etməsinə baxmayaraq favoritlər arasında olan belaruslu Arina Sabalenko Kamilla Raximovanı yenərək 4-cü mərhələyə yüksəlməsinin ardından açıq mətbuat konfransında iştirak etməkdən imtina edib. Sport24.az xəbər verir ki, əvəzində təşkilatçılar bir neçə jurnalistə onunla ayaqüstü söhbət etmək imkanı yaradıblar.

WTA reytinqinin 2-ci pilləsində qərarlaşan Sabalenko qərarını belə izah edib: ''Ötən qələbədən sonra həmişəki kimi jurnalistlərin önünə çıxdım. Hərçənd bilirdim ki, suallar yenə də idmana yox, siyasətə aid olacaq. Bu durumdan bezsəm də, alışmışam. Artıq neçə aylardı siyasi suallara cavab verirəm və mövqeyimi də açıq şəkildə dilə gətirmişəm. Amma çərşənbə günkü mətbuat konfransında ilk dəfə idi ki, özümü təhlükəsiz hiss etmirdim. Mətbuat konfransında idmançı gərək özünü rahat və təhlükəsiz hiss etsin. Ona görə də psixoloji durumumu nəzərə alaraq bu dəfə mətbuat konfransından imtina etdim. Təşkilatçılar məni anlayışla qarşıladılar''.

Qeyd edək ki, ötən mətbuat konfransında ukraynalı jurnalist Sabalenkonu onun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı mövqeyi haqda sorğu-suala tutmuşdu.