AFFA U-14 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, Binə stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda "Turan Tovuz" üzərində 4:2 hesablı qələbə qazanan "Ulduz" komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini 4:2 hesabı ilə üstələyən "Sabah" çempion olub. "Qarabağ" isə gümüş medallar əldə edib.
Oyunlardan sonra "Ulduz" bürünc, "Qarabağ" gümüş medalla, "Sabah" qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. Liqanın ən məhsuldar futbolçusu adına 74 qol vuran Yusif Ağayev ("Sabah") yiyələnib. Mövsümün ən yaxşı qapıçısı "Qarabağ"ın qolkiperi Sirac Quluzadə, ən yaxşı futbolçusu isə "Sabah"ın üzvü Rəvan Rüstəmov seçilib.
Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.