"Bizi Mingəçevirdə çox ağır oyun gözləyir. Hər kəs bu matçın nə qədər vacib və dəyərli olduğunu yaxşı anlayır". Bu sözləri Sport24.az-a "Səbail"in baş məşqçisi Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis komandasının Birinci Liqanın son turunda "Mingəçevir"lə oyundan gözləntilərini bölüşüb:
"İlk növbədə, bütün fikrimiz qarşıdakı oyundadır. Təbii ki, rəqib də bu görüşə ciddi hazırlaşır. Heyətdə iki əsas hücumçumuz – Ruslan Voronsov və Kamran Quliyev sarı vərəqə limitinə görə oyunu buraxacaq. Bu, bizim üçün böyük itkidir. "Şahdağ Qusar"la matçda təkcə Ruslanın yoxluğu belə oyunumuzda hiss olundu. Düşünürəm ki, elə oyunlar var ki, futbolçulara əlavə motivasiya verməyə ehtiyac qalmır. Çünki bu cür qarşılaşmalar həm komanda, həm də futbolçular üçün gələcək karyeralarında qazanılacaq bir medal dəyərindədir. Hər kəs mövsüm boyu görülən işin, çəkilən əziyyətin nəticəsini görmək istəyir. İnşallah, sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, "Səbail" 50 xalla ikinci pillədə qərarlaşıb. "Mingəçevir" 48 xalla üçüncüdür. "Səbail" qələbə və ya heç-heçə edərsə, ikinci yeri qoruyacaq. "Mingəçevir"in mövsümü ikinci pillədə başa vurması üçün isə mütləq qalib gəlməsi lazımdır.