"Mingəçevir"ə qalib gəldiyimiz oyunun ilk hissəsində futbolçularımın oyunundan razı qaldım". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Elnur Abdullayev deyib.

Gənc mütəxəssis komandasının mövsümdə ilk qələbəsini şərh edib: 

"İlk hissədə hesab 2:0 olsa da, daha çox fərqlənə bilərdik. Hesab hətta 4:0 və ya 5:0 olmalı idi. Yaratdığımız imkanlardan istifadə etsəydik, ikinci yarı bizim üçün daha rahat keçərdi. 90 dəqiqə ərzində topa nəzarət bizim tərəfimizdə idi. Fasilədən sonra ani diqqətsizlikdən qapımızda qol gördük. Bundan sonra futbolçularda müəyyən gərginlik yarandı. Heyətə yeni futbolçular cəlb edilib və bu üzdən onlar kollektivə hələ tam uyğunlaşmayıblar. Bilirik ki, iddialıkomandaya qarşı rəqiblər fərqli motivasiya ilə oynayırlar. Buna görə də bizim üçün hər qarşılaşma finala bərabərdir. Qarşıdakı görüşlərdə etdiyimiz səhvləri minimuma endirməliyik. Hədəfimiz dəyişmir. Çempionluq uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik".

Qeyd edək ki, "Səbail" - "Mingəçevir" qarşılaşması 2:1 hesabı ilə başa çatıb.