Luis Enrike PSJ-nin "Brest" üzərində qələbəsindən razı qalmayıb. Sport24.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Liqa 1-in 4-cü turunda səfərdə "Brest"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra komandasının çıxışını tənqid edib.

İspaniyalı mütəxəssis bildirib ki, mövsümün ilk qələbəsinə baxmayaraq, bu qarşılaşma onun komandası üçün ilk üç matçdan daha zəif alınıb:

"Xeyr, komandamın oyunundan razı deyiləm. Qazana bilmədiyimiz ilk üç matçdakı çıxışımızdan daha çox razı qalmışdım. Bu gün çox səhvlərə yol verdik. "Brest"lə oynamaq həmişə çətindir. Onlar qol vəziyyətləri yaratmaq üçün çoxlu ötürmələrə ehtiyac duymayan komandadır. Müdafiədə yaxşı oynadıq, amma səhvlər etdik. Belə kobud səhvlər buraxanda adətən qalib gəlmək mümkün olmur. Qapımızı toxunulmaz saxlamamız inanılmazdır".

Luis Enrike hətta qələbə qazandıqları görüşü mövsümün ən zəif oyunu adlandırıb:

"Bu, keçirdiyimiz dörd oyunun ən pisiydi. Qalib gəlməyimizə baxmayaraq, bu belədir. Bu gün qol vəziyyətlərinə gətirib çıxaran açıq səhvlərə yol verdik".

Baş məşqçi komandanın müdafiədəki çıxışına da toxunub:

"Son üç oyunda müdafiədə çox möhkəm idik, amma rəqiblər hər dəfə qol vurdular. Bu dəfə isə əksinə oldu".

Luis Enrike PSJ-nin müdafiəçisi Aşraf Hakiminin zədəsi barədə də danışıb. O, futbolçunun durumunun tibbi müayinələrdən sonra dəqiqləşəcəyini, lakin zədənin ciddi olmadığını bildirib.

Qeyd edək ki, PSJ bu nəticə ilə cari mövsümdə Liqa 1-də ilk qələbəsini qazanıb.