"Qəbələ"nin sabiq futbolçusu Luis Paulo Hillario (Dodo) Sport24.az-a müsahibə verib.


- Hazırda hardasan, hansı komandanın formasını geyinirsən?


- Karyeramı Latviyanın birinci divizionunda çıxış edən "Grobiņa" klubunda davam etdirirəm. Ən azı daha 2 il futbol oynamağı planlaşdırıram. 39 yaşım olmasına baxmayaraq, özümü yaxşı hiss edirəm və heç bir zədəm yoxdur. Buna görə də hələlik karyeramı başa vurmaq barədə düşünmürəm.


- Azərbaycan futbolunu izləyirsən?


- Bəli, Premyer Liqanı izləyirəm. Xüsusilə sabiq komandam "Qəbələ"nin oyunlarına baxır, çıxışlarını diqqətdə saxlayıram.


- "Qəbələ"dən söz düşmüşkən, sabiq komandan cari mövsümə heç də yaxşı başlamayıb...


- "Qəbələ" hazırda çətin dövr yaşayır. Klubun uğuru üçün çalışan və onun formasını geyinən hər kəs komandanın daha yaxşı nəticələr əldə etməsini istəyir. Ümid edirəm ki, "qırmızı-qaralar" yenidən əvvəlki günlərinə qayıdacaq. Çünki bu klub daha yaxşı yerlərə layiqdir.


- Azərbaycan futbolunu izlədiyini bildirdin. Necə düşünürsən, sənin oynadığın vaxtla, indiki arasında fərq böyükdür?

 

- Öncə onu bildirim ki, Azərbaycan çempionatında oynamaq həmişə çətin olub. Burada səviyyə daim yüksək olub, güclü klublar və yaxşı futbolçular çıxış ediblər. Fikrimcə, Azərbaycan futbolu son illərdə xeyli inkişaf edib və çempionatın səviyyəsi daha da yüksəlib. Açığı, təklif olarsa, mən də yenidən Azərbaycan çempionatında çıxış etmək və ən azı daha bir mövsüm oynamaq istərdim.


- Keçmiş komanda yoldaşlarından və ya klub nümayəndələrindən kiminləsə əlaqə saxlayırsan?


- Bəli, bəzi futbolçularla birbaşa əlaqə saxlayıram. Azərbaycanlı futbolçuların hamısı mənim üçün ailə kimidir. Onlarla münasibətlərim çox yaxşıdır və birlikdə keçirdiyimiz günlərlə bağlı xoş xatirələrim var.


- "Qəbələ" azarkeşlərinə nə mesajın var?


- Onlardan hər zaman komandaya dəstək olmasını istəyirəm. Hazırda "Qəbələ" əvvəlki illərdə olduğu qədər azarkeş dəstəyi görmür, oyunlara gələnlərin sayı da azalıb. İnanıram ki, çətinliklər geridə qalacaq və klub yenidən əvvəlki günlərinə qayıdacaq. Bəzən çətinliklər də yaşanmalıdır ki, layiq olanlar gözəl anların sevincini yaşasınlar. Ümid edirəm ki, "Qəbələ"ni qarşıda daha yaxşı günlər gözləyir.