"Turan Tovuz" ötən gün Misli Premyer Liqasının V turunda "Araz-Naxçıvan"ı məğlub edə bilmədi.

Qarşılaşma 2:2 hesabı ilə başa çatdı. Halbuki qonaqlar son dəqiqələrədək hesabda öndə idi.

Matçın baş hakimi, FIFA referisi Elçin Məsiyev ikinci hissədə "Turan Tovuz"un qapısına penalti təyin etdi və "Araz-Naxçıvan" bu qərardan sonra hesabı bərabərləşdirdi. Həmin epizodda "Turan Tovuz"un qapıçısının rəqibə müdaxiləsi görünür. Yanıla da bilərik. Hər halda, bu epizodla bağlı AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun açıqlamasını gözləyək. Əgər qərar səhvdirsə, bunu da açıq şəkildə demək lazımdır.

Amma başqa bir məsələ var: "Turan Tovuz" yenə oyunun nəticəsindən sonra bəyanat yaydı.

Bu klub son vaxtlar "bəhanələr ustası"na çevrilib. Meydanda futbol sərgiləmirlər, baş məşqçi Kurban Berdiyevin üfunət iyi verən antifutbol fəlsəfəsi ilə nəsə etməyə çalışırlar, o da alınmır. Sonra isə günahı özlərində deyil, başqalarında axtarırlar.

Bir dəfə də güzgüyə baxıb "biz bu oyunda qələbə üçün nə etdik?" sualını vermək lazımdır...

"Araz-Naxçıvan"la oyunun ilk 45 dəqiqəsini, demək olar ki, yola verdilər. İkinci hissədə nəsə etməyə çalışdılar, amma artıq gec idi. Futbolda 90 dəqiqə oynamaq lazımdır. Bir hissə ilə qələbə qazanmaq mümkün deyil.

Bəyanatın sonunda isə "güclü azarkeş ordumuz var" mesajı verilir. Doğrudanmı? Gəncədəki məğlubiyyətdən sonra həmin azarkeşlər Kurban Berdiyevi həm Azərbaycan, həm də rus dilində istefaya səsləmirdilərmi?

İngilis yazıçısı və tənqidçisi Samuel Consonun belə gözəl bir cümləsi var: "Vətənpərvərlik vicdansızların ən son sığınacaq yeridir".

"Turan Tovuz" da uğursuzluğun fonunda azarkeşləri önə çəkir, guya onların arxasında dayandığını göstərməyə çalışır. Halbuki cəmi iki oyun əvvəl həmin tribunalar etiraz səsi ilə Berdiyevin istefasını tələb edirdi. Azarkeş səsinə məhəl qoydunuz, Ehtiram Quliyev? Bəli, biz gözəl anlayırıq ki, bu, "bəyanatlar kralı" Nəsimi Paşayevin "müqəddəs möhürü"nün əlinin altından keçmiş və mətbuat xidmətinin "belə olmaz" deməyə cürət etməyib susqunluğu ilə ərsəyə gələn gülünc bir "sənət əsəri"di. Ancaq yekunda futbola gələndə sevilən Ehtiram Quliyevin imici zədələnir, cibi isə ziyan çəkir. "Böyük dayaq" filmindəki sitatla paralel aparsaq təxmini belə bir mənzərə yaranar: "Partkomu Şirzad (Nəsimi Paşayev) olanın, komsomolu da sizin (mətbuat xidməti) kimi olar".

Mövsüm hələ təzə başlayıb, amma bəhanələrin sayı artmaqda davam edir. Bu, eyni zamanda ölkə çempionatını təşkil edən qurumlara təzyiq görüntüsü yaradır. Bəyanat yaymaq o qədər adiləşib ki, artıq bir çox azarkeş belə açıqlamaları ciddi qəbul etmir. Hər tur uğursuzluğu hansısa hakimin üzərinə atırlar. Əliyar oturub su içir, Elçin penalti "fikirləşir", Kamranbəy fiti vaxtında çalmır, Rauf düz qaçmır, VAR-da monitor "ağ-qara" göstərir.... Görəsən, bu bəhanələr nə vaxt bitəcək, klubun başbilənləri, bəyanat yaymaq üzrə ixtisaslaşan funksionerlər nə vaxta kimi səhvi baş məşqçiyə deməkdən qorxub, uğursuzluğu onun-bunun üstünə atacaq. Hakimlər Tovuz klubu ilə prinsip aparırlarsa, təklif edirəm ki, bundan sonra çempionluğa "iddialı" komandanın oyunlarını elə "Turan Tovuz"un Futbol Akademiyasında çalışan tovuzlu futbol adamları idarə etsin. Onsuz da Ehtiram Quliyev və ətrafında yer alanlar yerli futbol adamlarını baş qatması üçün yalnız uşaq futboluna yönəldib. Qoy onlara hakimlik də həvalə olunsun...

Klub rəhbərliyi bəyanat yayanda düşünmürmü? Hansı addımı atdığını, bunun ictimaiyyətə necə təsir edəcəyini hesablamırmı?

Futbol yaşıl meydanda oynanılır. Otaqlarda hazırlanan bəyanatlarda yox...

Üstəlik, "Turan Tovuz"un əvvəllər yaydığı bəyanatlara görə sonradan üzr istədiyi də olub. Yəni yayılan açıqlamanın arxasında sona qədər dayanmaq təcrübəsi də yoxdur. Maksimum bir həftə gündəmdə qalır, sonra unudulur.

Əgər "Turan Tovuz" həqiqətən böyük klub olmaq istəyirsə, ilk növbədə bəhanələri azaltmalıdır. Hakim səhv edibsə, qoy araşdırılsın. Haqsızlıq varsa, etiraz edilsin. Amma bütün bunlardan əvvəl komanda meydanda öz sözünü deməlidir.

Çünki futbolun ən sadə həqiqəti dəyişməyib: nəticəni bəyanatlar yox, yaşıl meydan müəyyənləşdirir....