"Real Sosyedad"ın baş məşqçisi Pelleqrino Matarasso "Atletiko" ilə oyunda verilən penalti qərarına etiraz edib. Sport24.az xəbər verir ki, İspaniya klubunun çalışdırıcısı 2:1 hesablı məğlubiyyətdən sonra Oçienqin əlinə dəyən topa görə təyin olunan penalti ilə razılaşmayıb.
Mataratsso bildirib ki, top əvvəlcə futbolçunun buduna dəyib və penalti qərarı qarşılaşmanın nəticəsinə birbaşa təsir edib:
"Fikrimcə, bu, qətiyyən penalti deyildi. Top əvvəlcə onun buduna dəydi. Oçienq qolunu geri çəkirdi və topun əlinə dəyməsi üçün bucaq da uyğun deyildi. Penalti hadisəsinə qədər oyuna nəzarət edirdik, rəqibə ciddi qol vəziyyətləri vermirdik. Lakin bundan sonra çox asan iki qol buraxdıq".
"Real Sosyedad"ın çalışdırıcısı son oyunlarda hakim qərarlarından narazı qaldıqlarını da vurğulayıb:
"Bu, artıq bir neçə oyunda baş verir. "Elçe" ilə matçda Jon Martinin qırmızı vərəqə alması, ondan əvvəl "Selta" ilə qarşılaşmada Gedesə qarşı mümkün penalti və bu gün baş verənlər... Bunlar bizə xallar bahasına başa gələ bilər".
Mataratsso məğlubiyyətdən sonra əsəbi olduğunu gizlətməyib:
"Uduzmağa nifrət edirik. Əlbəttə, əsəbiyəm. Amma bu gün göstərdiyimiz oyuna, intensivliyə və komanda ruhuna görə futbolçularımız daha artığına layiq idi. Azarkeşlər də bunu haqq edirdi. Bu gün bütün klub üçün böyük bir an idi. Qələbə qazana bilmədiyimiz üçün heç də xoşbəxt deyiləm".
Baş məşqçi əvəzləmələri gec etməsi ilə bağlı sualı da cavablandırıb:
"Mən dəyişiklikləri sadəcə dəyişiklik etmək üçün etmirəm. Oyunun gedişini dəyişmək üçün edirəm. Meydandakı futbolçular yaxşı çıxış edirdilər".