"Kəpəz"in kapitanı Dioqo Verdeskadanın zədə səbəbindən yox, məşqçilər korpusu tərəfindən komandadan kənarlaşdırıldığını yazmışdıq. Sport24.az-ın xəbərindən sonra Gəncə təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayaraq müdafiəçinin zədəsinin ciddi olduğunu bildirmişdi.
Hətta vəziyyət o yerə çatdı ki, klub futbolçunun MRT müayinəsinin nəticələrini də ictimaiyyətə təqdim etdi.
Redaksiyamız futbolçunun özü ilə əlaqə saxlayıb.
Verdeskadanın zədəli olub-olmadığını, eləcə də zədəsinin durumunu dəqiqləşdirmək istədik. Lakin futbolçu zədəli olduğunu nə təsdiq, nə də inkar etdi. O, suala konkret cavab vermək əvəzinə yalnız bunları bildirdi:
"Klubun icazəsi varsa, danışa bilərəm. İcazə olmadan müsahibə verə bilmərəm".
Halbuki futbolçu sualımıza sadəcə "bəli, zədələnmişəm" cavabını da verə bilərdi. Lakin onun konkret cavab verməkdən yayınması məsələyə dair sualları daha da artırır.