Almaniyada azərbaycanlıların futbol klubu fəaliyyətə başlayır. Sport24.az xəbər verir ki, "AZE İnternationale Lippstadt" adlanacaq komanda ölkənin aşağı liqalarından birində çıxış edəcək.
Klubun təsisçisi Samir Salahov təəssüratlarını bizimlə bölüşüb:
"Əslində biz bu klubu almışıq. Daha əvvəl italyanların klubu olub. 1961-ci ildən fəaliyyət göstərir. Əvvəlki adı "SC İnternazionale Calcio 1961 Lippstadt" idi. Biz isə klubu aldıq. İlk yoxlama oyunumuzu da mayın 24-də keçirəcəyik. B Liqasında çıxış edəcəyik. Azərbaycandan formalarımız gəlib. Həmyerlilərimizin bizim komandanı tanımasını istəyirik. Maddi heç bir istəyimiz yoxdur".
Komandanın məşqçisi də olan Salahov klubun məqsədlərindən sə söz açıb:
"Bu klubu yaratmaqda məqsədlərimiz var. Özüm də futbolçu olmuşam. Bu, mənim yaralı yerim olub. Azərbaycanda 18 yaşına çatandan sonra bəzi istedadlı futbolçular yoxa çıxır, itib batırlar. Əagərlik yaşına çatanda 15 uşaqdan biri futbolçu olur, ya yox. Biz burada bir vasitəyik. Avropa, Almaniyada bir ilkə imza atmışıq. Heç vaxt azərbaycanlılar belə şey etməyib, klub yaratmayıb. Hamısını öz cibimizin pulu ilə gerçəkləşdirmişik. Hələlik heç kim dəstək olmayıb".
Klub rəsmisi heyətdəki futbolçuların da azərbaycanlılar olduğunu vurğulayıb:
"Bu, mənim ideyam, fikrimdir. Bunun möhrün qoymuşam ki, klubda azərbaycanlılar oynayacaq. İlkin mərhələdə alman, ərəb, türk də oynada bilərik. Amma ondan sonra ancaq yerli, azərbaycanlı oyunçulara şans verəcəyik. Bizi Almaniyada olan soydaşlarımız tanıyır. Heç kimin haqqın yemərik. Sadəcə, istəyirik ki, klubun tanınması üçün bizə köməklil göstərsinlər".
Salahov klubun ad dəyişəndən sonra yeni loqosunun da hazır olduğunu deyib: "Formamız və loqomuz hazırdır. Bütün həmyerlilərimizdən dəstək gözləyirik. Biz Azərbaycan futbolunu Almaniyada layiqincə təmsil etmək istəyirik. Klubun ərsəyə gəlməsində Sərxan Qəmbərov, İlham Hüseynov və Qadir Polenin də əməkləri var. Sizin vasitənizlə AFFA-ya və bir sıra iş adamlarına müraciət etmək istəyərdim. Az da olsa, bizə dəstək versələr, yaxşı olar".

