"Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov Sport24.az-a müsahibə verib.

- Uzun illərdən sonra Yevlaxda Premyer Liqa oyunu keçiriləcək. Təəssüratlarınız necədir?
- Yevlax azarkeşləri "Kəpəz"lə matçı səbirsizliklə gözləyir. Möhtəşəm atmasfer olacaq. Futbol azarkeşlərlə gözəldir.

- Komanda hazırda yaxşı durumda deyil. Bu vəziyyətdən "Kəpəz"lə oyunda çıxmaq olacaqmı?
- Bəli, komanda yaxşı durumda deyil. Turnir cədvəlində 11-ci pillədəyik. Amma son oyunlar komandanın daha yaxşı olacağına ümid verir.

- Rəqib də autsayderdir. Onların da qələbəyə ehtiyacı var. Bu, sizdə əlavə təzyiq yaradır?
- Rəqibin kimliyindən asılı olmayaraq, "Kəpəz"lə matça da eyni hazırlaşırıq. Heç bir təzyiq yoxdur. Güclü olan qalib gələcək.

- Mətbuatda "Karvan"da baş məşqçi dəyişikliyi ola biləcəyi deyilir. Hətta bir neçə namizədin də adı çəkilir. Rəhbərlik işinizdən razıdır?
- Mətbuatı ara-sıra izləyirəm. Yazılanlara çox fikir vermirəm. Məqsədim "Karvan-Yevlax"la uğur qazanmaqdır. Rəhbərliklə aramızda söhbət olmayıb. "Karvan-Yevlax"ın autsayderlər arasında olmasının səbəbləri çoxdur. Doğma meydanda oynayandan sonra daha yaxşı komanda görəcəyik.

- Bəzi mütəxəssislər bu mövsüm legioner limitinin ləğvindən sonra Premyer Liqaya ucuz və keyfiyyətsiz legionerlərin gəldiyini iddia edirlər. Siz hansı fikirdəsiniz?
- Futbolda seleksiya zamanı keyfiyyətli və ya keyfiyyətsiz legionerlər olur. Bəli, razıyam ki, zəif çıxış edən legionerlər var. Bu, bütün klublara aiddir.

- Heyətdə hansısa çatışmazlıqlar hiss edirsiniz? Postunuzda qalsanız, qışda hansı mövqeyə transfer etmək istəyirsiniz?
- Zədəli futbolçularımız var. Qışda transfer edəcəyik ya yox bu gələcəyin söhbətidir. Qış fasiləsinə qədər vacib oyunlarımız var. Yəqin ki, qışda dəyişikliklər qaçılmaz olacaq.