Qana Futbol Assosiasiyası fransız məşqçi Herve Renarı milli komandanın baş məşqçisi vəzifəsinə dəvət etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
57 yaşlı mütəxəssis hazırda Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edir. Komandası son iki oyunda Misirə (0-4) və Serbiyaya (1-2) məğlub olan fransız DÇ-2026 ərəfəsində Səudiyyə ərəbistanından ayrılmağı düşünür. Onun fikrincə, hazırkı şəraitdə qarşıdan gələn mundialda müsbət nəticə əldə edə bilməyəcəklər.
Qana Futbol Assosiasiyası fransız məşqçinin məsələ ilə bağlı mövqeyini müəyyən etmək üçün onun agenti ilə əlaqə saxlayıb. Məşqçi ilə rəsmi danışıqlar hələ başlamayıb və Səudiyyə Ərəbistanının təsdiqini gözləyir.
Qeyd edək ki, Qana Futbol Assosiasiyası bir neçə gün öncə millinin baş məşqçisi Otto Addonu vəzifəsindən azad edib. Onun rəhbərliyi altında Qana DÇ-2026-ya vəsiqə qazansa da, son dörd yoldaşlıq oyununda məğlub olub: Yaponiyaya (0-2), Cənubi Koreyaya (0-1), Avstriyaya (1-5) və Almaniyaya (1-2).
Qana dünya çempionatında İngiltərə, Xorvatiya və Panami ilə birgə L qrupunda yer alıb.