PSJ-nin gələn yay transfer hədəfləri arasında "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa da yer alıb. Sport24.az "Diario AS"-a istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı fransız futbolçuya ciddi maraq göstərir və onu transfer etməyi düşünür.

 

Kamavinqanın çoxyönlü olması və potensialı yüksək qiymətləndirilsə də, "Real"da heç də əvəzolunmaz deyil. Yaxşı təklif gələcəyi halda Madrid təmsilçisi yarımmüdafiəçi ilə yollarını ayırmağı düşünür. 

 

Kamavinqa "Renn" akademiyasının yetirməsidir və "Real" 2021-ci ildə onun transferi üçün 31 milyon avro ödəyib. Onun "Kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.  "Transfermarkt" portalı onun hazırkı bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.