"Neftçi" mövsümün sonunda futbolçusu Luis Ortislə vidalaşmağa hazırlaşır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub 26 yaşlı vingeri növbəti mövsümün planlarına daxil etməyib və bu barədə klub rəhbərliyinə də mövqeyini çatdırıb.
Mövsümün əvvəlində Paraqvay təmsilçisi "Sportivo Ameliano" klubundan icarəyə götürülən futbolçu ilə birdəfəlik transfer üçün danışıqlar aparılmayacaq. "Neftçi" yay "transfer pəncərəsi"ndə həmin mövqe üçün daha effektiv oyunçu axtarışına çıxıb.
Vernidubun fikrincə, Ortis komandaya hücum planında gözlənilən faydanı verə bilməyib. Xüsusilə son ötürmə və qol epizodlarında səmərəliliyin aşağı olması onun şanslarını azaldıb.
Qeyd edək ki, paraqvaylı vinger cari mövsüm Misli Premyer Liqasında 19 oyunda (488 dəqiqə) iştirak edib və qol vura bilməyib.
Beləliklə, Ortisin mövsüm başa çatdıqdan sonra "Neftçi"dən ayrılması artıq böyük ölçüdə dəqiqləşib. Klub isə yeni mövsüm üçün heyətin yenilənməsi istiqamətində işlərini sürətləndirib.