Azərbaycanın U-18 oğlanlardan ibarət basketbol millisi FIBA Avropa çempionatının B divizionunda çıxışını başa vurub. Sport24.az xəbər verir ki, millimiz 15-16-cı yerlər uğrunda keçirilən qarşılaşmada İslandiya yığmasına 73:91 hesabı ilə məğlub olub.

 

Azərbaycan komandası oyunun ikinci və dördüncü periodlarında rəqibindən üstün olub. Basketbolçularımız həmin hissələri müvafiq olaraq 24:16 və 22:15 hesabı ilə başa vurublar.

Millimiz qarşılaşmada 50 ribaund, 15 məhsuldar ötürmə, 10 topalma və beş blokla yadda qalıb.

 

Komandanın ən məhsuldar oyunçusu Emmanuel Aqbason olub. O, 23 xal, 23 ribaund, üç topalma və üç blokla fərqlənib. Hüseyn Məmmədov 16 xal, yeddi ribaund və iki blok, İsmayıl Abdullayev isə 15 xal, doqquz məhsuldar ötürmə və üç topalma ilə oyunu tamamlayıb.

 

U-18 millimiz turnirdə keçirdiyi səkkiz oyunun ikisində qələbə qazanıb. Komandamız qrup mərhələsində Ukrayna və Portuqaliya yığmalarına qalib gəlib.

 

2024-cü ildə C divizionunun qalibi olan Azərbaycan millisi 2025-ci ildən B divizionunda çıxış edir. Komanda 2025-ci ildə 21-ci yeri tutduğu turniri bu dəfə beş pillə irəlidə - 16-cı sırada başa vurub.