Azərbaycanın "Qarabağ" futbol komandasının Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə keçirəcəyi oyunun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma Polşadakı "Arena Lublin" stadionunda keçiriləcək.


"Qarabağ" azarkeşləri üçün ayrılan biletlərin qiyməti 49 Polşa zlotısıdır (23 AZN). Biletləri onlayn qaydada əldə etmək mümkündür.

 

Azarkeşlərdən bilet alarkən elektron poçt ünvanlarını düzgün qeyd etmələri tələb olunur. Stadiona giriş zamanı bilet və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.

 

"Dinamo" - "Qarabağ" oyunu 6 avqustda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qarşılaşmanı Danimarkadan olan hakimlər idarə edəcək. Matçın baş hakimi Morten Kroq olacaq. Ona Steffen Bramsen və Viktor Skayt kömək edəcəklər. Yakob Karlsen dördüncü hakim, Yakob Kehlet VAR, Yens Maae AVAR funksiyasını yerinə yetirəcək.

 

Cavab oyunu isə avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Stüart Attvell qarşılaşmanın baş hakimi olacaq. Ona İan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Lyuis Smit dördüncü hakim, Peter Bankes VAR, Ceyms Bell AVAR funksiyasını yerinə yetirəcək.