Mövsümün ikinci yarısında liderlər qrupunda olan komandalar uğurlu çıxışlarını davam etdirib mövqelərini qorumalı olduqları halda, autsayderlər son pillələrdən yaxa qurtarmalıdırlar. Bu komandalardan biri də "Keşlə"di. Komandanın aparıcı futbolçularından olan millimizin yarımmüdafiəçisi Vüsal İsgəndərli Sport24.az-a müsahibəsinə qış hazırlıq prosesini ümumi dəyərləndirməklə başlayıb.

 

- Şükür Allaha, qış hazırlığımız yaxşı keçir. Düzdür, istərdik ki, vaxt olsun ölkə xaricinə gedək. Bu, hazırlıq baxımından daha yaxşı olardı. Amma bütün klublar üçün eyni vəziyyət oldu - hamı hazırlığı ölkə daxilində keçir. Bir yoxlama oyunu keçirdik, səhvlərimizi gördük. Baş məşqçimiz iclada bunu bizə deyir, bizi onları aradan qaldırmaq üzərində işlədir. Əlbəttə, ümidimiz böyükdü. Çünki yaxşı kollektivimiz var və biz də istəyirik ki, 7-ci yerdə yox, daha yuxarı - Avroliqaya gedən pillələrdə olaq. Bu, bizə ona görə vacibdi ki, keçən mövsüm medal qazanmış, Avropa Liqasında çıxış etmiş komandanın indi axırıncı yerlərdə olmağı adama bir az pis gəlir. Bunu qəbul edə bilmirsən. Kollektiv olaraq yığışıb bu vəziyyətdən özümüz özümüzü çıxartmağa çalışacağıq. Amma sizə deyim ki, qarşıdakı oyunlar çox çətin olacaq. Mövsümün ikinci yarısı bütün klublar üçün lap çətin olacaq. 

 

- Bunu şablon ifadə olaraq hamı deyir. İzah edərdin ki, əsas çətinliyi nədə görürsən?

- Yox, bunu şablon olaraq söyləmirəm. Hər kəs deyir ki, bizim çempionatda 8 komanda olduğundan rahatdı. Buna əsasən belə bir fikir formalaşıb. Ancaq vallah elə deyil. Bizim çempionat çox çətindi. Həm də özünüz də görürsünüz ki, ilk dövrə qurtarmamış qabaqlarda gedirdik, sonradan fərqli mənzərə oldu. Hər kəs bir-birindən xal alır. Fərqi yoxdu, axırıncı yerdə gedən də bunu edə bilir. "Səbail" "Qarabağ"dan xal aldı, "Sabah" gəldi "Sumqayıt"ı onu meydanında məğlub etdi. Buna görə səmimi deyirəm ki, bizim çempionat çox çətindi. Bu, söz xatirinə deyilən bir şey deyil. 

 

- Fikir formalaşmaqdan söz düşdüsə, bunu da deyirlər ki, "Keşlə" potensialına görə son pillələrdə olmalı deyil. Heyətiniz yaxşı olduğu halda, niyə belə zəif, qeyri-stabil çıxış edirsiniz? Son 8 oyunda cəmi 1 qələbə - bunu necə izah edərdin?

- Biz çempionata başlayanda bir az fərqli motivasiya oldu. Hər kəs bizdən uğurlu bir start gözləyirdi. Həqiqətən belə oldu. "Keşlə"dən ilk turlarda qələbələr, heç-heçələr, göz oxşayan futbol vardı. Ancaq sonradan bizdə nəticə, futbol baxımından səviyyə bir az aşağı düşdü. Bunun da səbəbləri bilinir, bizim klub daxilində söhbətlərdi. Demirəm ki, nəsə böyük problem idi. Qış fasiləsi olmamış 2 futbolçumuzun - Alvaro Tavareşlə Artur Batistanın gedişi də əlbəttə ki, bizə bir az problem yaşatdı. Çünki bizdə onsuz da oyunçu az, əvəzetmə demək olar yox idi. Çox az əvəzetməmiz var. Ehtiyat oyunçular skamyasının qısalığı gəldi bizdə özünü büruzə verdi. 

 

- Qış fasiləsində yeganə sınaq matçınıza qayıdaq. Qış çempionu "Neftçi"yə 3 qol vurdunuz, ancaq daha çox - 4 top buraxdınız. Bu, nəyin göstəricisidi?

- Futbolçu olaraq deyim ki, heç kəs yoldaşlıq görüşlərində dərinliyə getmir. Bu matçda hər iki komandada çoxlu əvəzetmə oldu. Baş məşqçilər heyətlə bağlı eksperimentlər aparırdı, kənardan belə görünürdü. Buna görə həmin oyunda çox qol vurmaq, çox buraxmaq böyük göstərici deyil. Əsas şey yanvarın 21-22-də keçiriləcək turda - rəsmi oyunlarda bilinəcək. 

 

- Komandanıza 3 yeni futbolçu gəlib ki, onlardan 2-sini "Zirə"dən yaxşı tanıyrsan, birgə oynamısan. Bunlar cinah yarımmüdafiəçiləri Nicat Qurbanovla Sadio Tounkaradı. Bir də Azərbaycam Premyer Liqası üçün tanış olmayan hücumçu Anatole Abanq. Onlar "Keşlə" necə uyğunlaşırlarlar, necə fayda verə bilərlər?

- Üçü də çox yaxşı transferdi. Nicat həm futbolçu, həm insan, həm də dost kimi xətini çox istədiyim komanda yoldaşım olub. İndi otaq yoldaşımdı, əvvəl "Zirə"dən də belə olub. İnanıram ki, Qurbanovun da bizə xeyri çox dəyəcək. Eləcə də Abanqla Tounkaranın. Kollektiv olaraq yaxşıyıq. Əsas qış fasiləsindən sonra startı yaxşı götürməkdi. Bu, çox vacibdi, çünki "Sumqayıt"la oyunda uğurlu nəticə bizə böyük motivasiya verə bilər. Qələbə qazanacağımız təqdirdə qabağa gedə bilərsən, amma uduzacağın halda axırıncı pilləyə düşə. Bundan sonra motivasiya yığmaq bir az çətindi. 

 

- Qış fasiləsində iranlı futbolçuların sayını artıran, iki yoxlama oyunu keçirən hazırkı "Sumqayıt"ı necə dəyərləndirərdin? Əslində, bu komanda da sizin kimi xeyli vaxtdı qələbə qazanmır, bombardiri Əli Qurbani qol vurmayanda qalib gələ bilmir...

- Bir futbolçu olaraq hansısa klub haqda belə bir şeylər danışmağım heç vaxt düzgün olmaz. Ancaq "Sumqayıt" həqiqətən yaxşı komandadı, yaxşı futbol oynayır, yaxşı heyətə də malikdi. Sizə deyim ki, ən çətin rəqiblərdən biridi, bizim üçün ən çətin oyunlardan biri olacaq. Komanda şəklində yalnız bu haqda söhbət edirik ki, ilk oyun bizim üçün çox vacibdi. İnşallah, 3 xalı götürəndən sonra çox şeyə motivaisya ola bilərik. 

 

- Birdən uduzsanız, lap ruhdan düşəcəksiniz?

- Əlbəttə ki, yox. Çünki startı indi vermisən. Sadəcə, daha yaxşı olar ki, 3 xalla başlayaq. Bu, bizə həqiqətən çox böyük təkan ola bilər. Turnir cədvəlinə, xallarımıza baxırıq və yaxşı vəziyyət olanda çox böyük motivasiya olunuruq. Udmaqla uduzmaq arasında fərq necə olur? Udduğun halda daha böyük motivasiya olunursan, o biri matçın gəlməyini gözləyirsən. Ancaq uduzacağın təqdirdə bir az pessimistliyə qapılırsan, qorxursan ki, o biri turda da birdən uduzsan, komandanı daha pis şeylər gözləyər.

 

- Ukraynalı yarımmüdafiəçi Dmitrin Klotsun gedişi gözlənilməz oldu. Səncə, belə aparıcı futbolçunun yoxluğu yarımmüdafiənin mərkəzində böyük boşluq yarada bilərmi?

- O həqiqətən yaxşı futbolçu, həm də gənc idi. Gedişi gözlənilməz oldu. İnşallah, hər iki tərəf üçün xeyirlisi olar. 

 

- Cari mövsümün ilk yarısında yeganə hücumçunuz olmuş braziliyalı Silvio Junior cəmi 2 qol vurub, xeyli şansı qaçırıb. Abanqın gəlişi onu silkələyə bilərmi?

- Mütləq-mütləq! Öz aramızda rəqabətlə bağlı söhbət edirik. Təkcə hücum xəttində Abanqla Juniorda yox, hər bir mövqeyə yeni futbolçunun gəlişi rəqabət yaratmaqla məsuliyyəti artırır. Bu zaman bir az narahat olursan ki, zəif oynacacağın halda baş məşqçinin yanında gedib oturacaqsan. Buna görə hər hər oyuna eyni istəklə çıxırsan ki, əsas heyətdə yerimi itirməyim. 

 

- Sonda özünlə bağlı sual. Keçən qış fasiləsində "Keşlə"dən ölkə xaricinə getmək haqda düşündüyünü, variantlarının olduğunu açıqlamışdın. İndisə koronaviris pandemiyası dövründə legioner həyatı yaşamaq real görünmür. Bəs, ölkə daxilində klubunu dəyişmək, daha iddialıya keçmək təklifi almısanmı? Yoxsa "Keşlə"ni belə çətin vəziyyətdə yarıyolda qoymağı düzgün saymadın?

- Bilirsiniz, nə isə deyəndə, bunu əsasla demək lazımdı. Reklam xarakterli, yaxud əks-səda doğurmaq xatirinə deməkdən heç vaxt xoşum gəlməyib. Ölkə daxilində də təklif vardı, xaricində də. Azərbaycandan kənarda hətta bizim menecerlər tərəfdən də mənə deyilmişdi belə bir təklif olmağı haqda. Sadəcə, komandamız hal-hazırda 7-ci pillədədi. Yaxşı vəziyyətində oynayırsan, burda qalırsan, hamı səndən danışır. İndisə 7-ci yerdə düşdüyünə görə çıxıb getmək düzgün deyildi. Buna görə inşallah, bu 4 aydan çox şey asılıdı. "Keşlə"ni hamı necə yuxarı yerlərdə görür, o zirvələrə qaldırıb, bundan sonra nə isə haqda danışmaq olar. 

 

 

 

MEHMAN SÜLEYMANOV