"Turan Tovuz" Misli Premyer Liqasının VI turunda "Zirə"ni qəbul etdi və minimal hesablı qələbə qazandı – 1:0.

Amma qarşılaşmanın əsas söhbət mövzusu hesab deyil, final fitindən sonra yaşananlar oldu. Əslində, bütün hadisələr meydan sahiblərinin 90+6-cı dəqiqədə vurduğu qoldan sonra başladı. Qələbənin sevincini yaşamaq əvəzinə "Turan Tovuz" tərəfinin bəzi üzvlərinin rəqiblə qarşıdurmaya girməsi diqqət çəkdi. Futbolçuların və bəzi məşqçilərin "Zirə" tərəfinə münasibəti isə artıq emosional rəqabət çərçivəsindən çıxırdı.

Bu mənzərənin fonunda Rəşad Sadıqovun davranışı təqdirə layiqdir.

Baş hakim Rəvan Həmzəzadə final fitini səsləndirən kimi Sadıqov hakimə tərəf irəlilədi. Amma məsafəni qorudu, sözünü dedi və futbolçularını meydandan çıxarmağa başladı. Bununla da kifayətlənmədi. Əsəbi olan köməkçisi Vüqar Məmmədi, kapitan Qismət Alıyevi və Ruan Renatonu hadisələrin episentrindən uzaqlaşdırdı. Daha sonra stadiondan çıxarkən azarkeşləri də alqışladı.

Budur peşəkarlıq. Budur futbol adamının davranışı. Rəşad Sadıqov illərdir Azərbaycan futbolunda həm futbolçu, həm də məşqçi kimi formalaşmış simadır. Belə məqamlarda onun reaksiyası xüsusilə əhəmiyyətlidir. Çünki komandanın baş məşqçisi emosiyanı artıran yox, onu idarə edən şəxs olmalıdır. Sadıqov ötən gecə məhz bunu etdi.

İndi isə "Turan Tovuz"un bəzi əməkdaşlarına baxaq.

İtaliyalı fiziki hazırlıq üzrə məşqçi Marko Kaser niyə lazımsız yerə "Zirə"lilərin üzərinə gedir? Digər italiyalı Vinçenzo Çestaro niyə rəqibi əli ilə hədələyərək təhqir edir? Bunlar Azərbaycan futboluna gətirilmiş mütəxəssislərin nümayiş etdirməli olduğu davranışlardır?

Hadisənin oyundan cəmi bir neçə dəqiqə sonra baş verdiyini nəzərə alsaq, vəziyyət daha da anlaşılmaz görünür. "Turan Tovuz"un futbolçusu Jo Batista da qarşıdurmanın səngiməsində rol oynamaq əvəzinə hadisələrin içində qalırdı.

Xüsusilə Rəşad Sadıqova qarşı nümayiş etdirilən davranış qəbuledilməzdir. Futbolda rəqabət var, emosiyalar var, qələbə sevinci var, məğlubiyyətin acısı var. Amma bütün bunların bir sərhədi olmalıdır. Rəqibə hörmət həmin sərhəddir.

"Turan Tovuz" rəhbərliyi də bunu görməlidir. Çünki klub təkcə meydanda qazandığı qələbələrlə deyil, davranışı ilə də özünü təqdim edir. Bir klubun imicini illərlə formalaşdırmaq mümkündür, amma onu bir neçə dəqiqəlik emosional davranışla zədələmək də mümkündür.

Ən maraqlısı isə matçdan sonrakı mətbuat konfransında yaşandı.

Kurban Berdiyevə köməkçilərinin qeyri-peşəkar davranışları ilə bağlı sual ünvanlanıb. Cavab isə belə olub: "Ancaq oyun barədə suallara cavab verəcəyəm".

Əgər məşqçi öz köməkçilərinin meydandakı davranışına münasibət bildirmək istəmirsə, bu da onun seçimidir. Amma problem ondadır ki, məsələ artıq "oyun"dan kənar deyil. Futbolçunun, məşqçinin və klub əməkdaşının davranışı da futbolun özüdür.

"Turan Tovuz" böyük klub olmaq istəyirsə, təkcə güclü komanda qurmaq kifayət etməyəcək. Güclü klub həm də məğlubiyyətə, qələbəyə, hakim qərarına və rəqibə necə münasibət göstərməyi bacaran klubdur.

Bu baxımdan VI turun Tovuzdakı oyunu bir daha göstərdi: Rəşad Sadıqovdan öyrəniləsi çox şey var.