"Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Bakıda keçiriləcək Avropa çempionatında inamlı çıxış edərək növbəti mərhələyə yüksəlməyi hədəfləyir". Sport24.az xəbər verir ki, bunu millinin hücumçusu Yelizaveta Ruban Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Ruban qitə birinciliyinin başlamasını səbirsizliklə gözlədiyini bildirib:
"Avropa çempionatının başlamasını səbirsizliklə gözləyirəm. Hazırlıq prosesinin böyük hissəsi geridə qalıb. Bir neçə yoldaşlıq oyununda gücümüzü sınadıq, zəif tərəflərimizi müəyyənləşdirib üzərində çalışdıq. Artıq yarışın başlamasına sayılı günlər qalıb".
Millinin hücumçusu Azərbaycanın Avropa çempionatına ev sahibliyi etməsinin komandaya əlavə motivasiya verdiyini vurğulayıb:
"Hər birimiz Avropa çempionatının bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq. Böyük xoşbəxtlikdir ki, bu mötəbər yarışa doğma Azərbaycan da ev sahibliyi edir. Necə deyərlər, "doğma divarlar" insana güc verir. Azarkeşlərimizin, voleybolu sevən hər kəsin dəstəyini gözləyirik. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı oynayıb qələbələr qazanaq, bizə olan inamı doğruldub növbəti mərhələyə yüksələk".
Qeyd edək ki, avqustun 21-dən 28-dək keçiriləcək Avropa çempionatının C qrupunda Azərbaycan millisi Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.