İtaliyanın "Kalyari" klubunun hücumçusu Yael Trepi ölüm təhlükəsi ilə üz-üzə qalib. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" nəşri məlumat yayıb.
Futbolçu hovuzda az qala boğulub. Hadisə ötən həftəsonu Sardiniyanın Porto-Çervo şəhərində baş verib. 20 yaşlı oyunçu helikopterlə xəstəxanaya çatdırılıb.
"Kalyari"nin yaydığı açıqlamada Yael Trepinin hazırda Sassari şəhərindəki "Santissima Annunziata" xəstəxanasının reanimasiya şöbəsində olduğu bildirilib.
Klubun futbolçunun ailəsi və tibb müəssisəsi ilə daimi əlaqə saxladığı, vəziyyətini diqqətlə izlədiyi qeyd olunub. "Kalyari" həmçinin oyunçunun şəxsi həyatına hörmət edilməsini istəyib və yeni məlumatların açıqlanacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəyini bildirib.