"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibimizin gücünü, səviyyəsini və necə oynadığını bilirdik. İlk turlar həmişə çətin keçir və bu oyunda da bunu hiss etdik. Qarşılaşmaya qələbə qazanmaq, ən azı 1 xal qazanmaq üçün çıxmışdıq. Bunun üçün sona qədər mübarizə apardıq, amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın futbolçusu İsmayıl Zülfüqarlı deyib.
Komandanın kapitanı ötən gün Misli Premyer Liqasının ilk turunda "Zirə"yə məğlub olduqları oyunu şərh edib:
"Kollektivimiz yenidir və bir-birimizə tam uyğunlaşma mərhələsindəyik. İnşallah, qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb qələbələr qazanmağa çalışacağıq. Öz oyunumla bağlı deyə bilərəm ki, ilk görüş üçün normal oldu. Əlbəttə, hər zaman daha yaxşı oynamaq, komandaya daha çox fayda vermək istəyirəm. Hazırda həm mənim, həm də komandanın qarşısında daha yaxşı oyun göstərmək üçün böyük potensial var. İnşallah, qarşıdakı matçlar daha yaxşı İsmayıl və daha yaxşı "Şəfa" görəcəyik. Bizim əsas hədəfimiz ilk növbədə çempionatda qalmaqdır. Amma bununla kifayətlənmək istəmirik. Mümkün qədər yüksək pillələrdə qərarlaşmaq, hər oyunda xal və qələbə üçün mübarizə aparmaq istəyirik. Bunun üçün çox çalışmalı, intizamlı olmalı və hər oyuna maksimum istəklə çıxmalıyıq. İnanıram ki, zaman keçdikcə komanda daha da formalaşacaq, bir-birimizi daha yaxşı anlayacağıq və nəticələrimiz də yaxşılaşacaq. Qarşıda bizi çox oyun gözləyir və hər qarşılaşmada daha yaxşısını etməyə çalışacağıq. İnşallah, zəhmətimizin qarşılığını alıb azarkeşlərimizi sevindirəcək qələbələr qazanacağıq".
Qeyd edək ki, "Zirə" - "Şəfa" matçı 2:0 hesabı ilə başa çatıb.