Tokio-2020-nin cüdo yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvü İrina Kindzerska bu gün Bakıya qayıdıb. Sport24.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançımızı Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçunun yaxınları qarşılayıblar.

Kindzerskaya gül dəstələri təqdim olunub və onunla xatirə şəkilləri çəkdirilib. Pandemiya ilə əlaqədar son ayların gərgin keçdiyini bildirən İrina Olimpiya Oyunlarında mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Yaponiyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Yarımfinalda uduzduğum yaponiyalı atlet çox güclü cüdoçudur. Finalda da Kuba təmsilçisi Ortizə qalib gələrək olimpiya çempionu oldu. Buna baxmayaraq Azərbaycanın üçrəngli bayrağını Tokioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında cüdo üzrə yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – 9 idmançı ilə təmsil olunub. İrinanın bürünc medal qazandığı Olimpiadanı Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və Aişə Qurbanlı medalsız başa vurub.