İtaliyanın Baş naziri Corcia Meloni ötən gün verdiyi açıqlamada Milandakı etirazları və dəmir yolu infrastrukturunun sabotajını pisləyərək, məsul şəxsləri "İtaliyanın və italyanların düşmənləri" adlandırıb. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb:
"Onlar Olimpiadaya qarşı nümayişlər keçirirlər və görüntülər dünya miqyasında yayımlanır. Başqaları qatarların hərəkətinin qarşısını almaq üçün dəmir yolu kabellərini kəsirlər".
Baş nazir polis və "bu cinayətkar dəstələr" tərəfindən işi pozulan hər kəslə həmrəyliyini ifadə edərək, minlərlə italyan və könüllülərin Oyunların rahat keçməsini təmin etmək üçün çalışdığını qeyd edib.
Qeyd edək ki, İtaliya Nəqliyyat Nazirliyi Qış Olimpia oyunlarının ilk günündə, fevralın 7-də ölkənin şimalında dəmir yollarında ardıcıl təxribat aktları ilə bağlı terrorizm maddəsi ilə cinayət işi açıb. ANSA xəbər agentliyinin məlumatına görə, ölkənin şimalı və cənubu arasında nəqliyyatı tənzimləyən Bolonyadakı əsas nəqliyyat mərkəzi səhər saat 6:00 radələrində sıradan çıxarılıb, ardınca Adriatik sahilindəki Pesaro ərazisində hadisə baş verib. Hər iki halda infrastruktur zədələnib və minlərlə sərnişin saatlarla gecikib. Nazirlik təfərrüatlar verməyib, lakin günahkarlardan milyonlarla avro təzminat tələb etmək niyyətində olduğunu vurğulayıb.