Azərbaycanın karate üzrə millisi Çində keçiriləcək Dünya Kubokunda iştirak edəcək. Sport24.az xəbər verir ki, noyabrın 20-22-də Hançjou şəhərində təşkil olunacaq yarışa Dünya Karate Federasiyasının (WKF) üzvlərindən 42 ölkə qatılacaq.

 

400-dək idmançının mübarizə aparacağı birincilikdə Azərbaycan kişilərin komanda kata və qadınların komanda kumite yarışlarında təmsil olunacaq.

 

Kişilərdən ibarət kata komandamız B qrupunda Türkiyə, Kolumbiya, Mərakeş və Honkonqla yarışacaq.

 

Qadın yığmamız isə D qrupunda Yaponiya, Meksika, Almaniya və Əlcəzairlə üz-üzə gələcək.

 

Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq kollektivlər 1/4 finala yüksələcəklər.

 

Noyabrın 20-21-də qrup və pley-off görüşləri, noyabrın 22-də medal qarşılaşmaları keçiriləcək.

 

Qeyd edək ki, milli komandalar arasında Dünya Kuboku ikinci dəfə reallaşacaq.