Avstraliyanın Kvinslend ştatının hakimiyyət orqanları 2032-ci il Olimpiya Oyunlarının avarçəkmə yarışlarının keçiriləcəyi ərazinin yaxınlığında təxminən üç metr uzunluğunda timsahın görülməsindən sonra araşdırmaya başlayıb. Sport24.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Timsah, Fitsroy çayı üzərində planlaşdırılan Olimpiya trasından cəmi bir neçə kilometr aralıda yerləşən Rokhempton şəhərindəki bir qolf klubunun yaxınlığında aşkarlanıb. Klub rəhbərliyi ziyarətçiləri mümkün təhlükə barədə xəbərdar edib. İndi mütəxəssislər timsahın təhlükə yaradıb-yaratmadığını və onun tutulmasının zəruri olub-olmadığını müəyyən edəcəklər.
Kvinslendin baş naziri Devid Krisafulli riskləri olduğundan artıq qiymətləndirməməyə çağıraraq, Fitsroy çayında uzun illərdir ki, avarçəkmə yarışlarının keçirildiyini qeyd edib.
Qeyd edək ki, bu ilin sentyabrında Rokhemptondakı məkan müstəqil texniki qiymətləndirmədən keçib və Olimpiya yarışlarına ev sahibliyi etmək üçün təsdiqlənib. 2032-ci il Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə qədər Brisbendə keçiriləcək.