Misli Premyer Liqasının X turunda "Qəbələ" doğma meydanda "Qarabağ"la heç-heçə edib (0:0). Oyundan sonra "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Şahin Şahniyarov Sport24.az-a müsahibə verib.
- Öncə "Qarabağ"la oyun barədə fikirlərini bölüşərdin...
- Bizi çətin oyun gözlədiyini bilirdik. Hər nə qədər ötən illə müqayisədə "Qarabağ"ın heyətində dəyişiklik olsa da, bu komanda hər zaman liqanın ən güclülərindən biri olub. Düşünürəm ki, Ağdam klubuna qarşı layiqli mübarizə apardıq. Qələbə qazanmaq üçün kifayət qədər fürsətlərimiz də var idi. Təəssüf ki, istədiyimiz alınmadı. Hər iki komanda 1 xala layiq idi.
- "Qəbələ"nin mövsümə yaxşı başladığını demək olmaz. 10 turdan sonra aktivində cəmi 8 xal olan komanda turnir cədvəlinin zirzəmisindədir. Uğursuz startın səbəbini bilmək istərdik.
- Hazırkı vəziyyət bizim üçün də ağırdır. Çünki xal və ya xallar qazana biləcəyimiz oyunlardan təəssüf ki, əliboş ayrılmışıq. Amma bunun üzərində işləyirik. Birinci dövrənin son oyununda və ikinci dövrədə əsas məqsədimiz yol verdiyimiz səhvləri düzəltmək olacaq.
– Yeton Beqirinin komandaya gəlişindən sonra "Qəbələ"də nə dəyişib?
– Məncə, komandada əsasən motivasiya və istək artıb. Çünki baş məşqçimiz hər zaman bizdən daha inamlı olmağımızı istəyir. Son turlarda əldə etdiyimiz nəticələr də buna sübutdur.
- Futbolçuların yeni baş məşqçinin oyun fəlsəfəsinə tam uyğunlaşması üçün nə qədər vaxt lazımdır?
- Konkret vaxt söyləmək bəlkə də düzgün olmazdı. Amma oyundan-oyuna komandada irəliləyiş daha çox hiss olunur. Zaman ötdükcə futbolçular yeni sistemə daha da uyğunlaşacaq.