Britaniyalı biznesmen Aron D'Souza maraqlı bir layihəni həyata keçirməyə hazırlaşır. Spor24.az xəbər verir ki, o, belə desəkə, yenilənmiş yarışlar keçirmək istəyir.

Formatına görə bu oyunlar Olimpiadaya bənzəyəcək. Amma dopinqlə bağlı heç bir qadağa olmayacaq.

Aronun sözlərinə görə, idmançılar artıq müstəqil qərar qəbul edə biləcək şəxslərdi. Yəni orqanizmləri ilə bağlı bütün qərarları özləri istədikləri kimi verməyə qadirdilər. Onun fikrincə, dopinqlə bağlı qadağalar həm də elmin inkişafını gecikdirir. İlk belə yarışın bu ilin dekabrında keçirilməsi planlaşdırılır. Şəhər hələ ki, seçilməyib. Amma biznesmen təşkilatçılıqla bağlı hər şeyi öz boynuna götürüb. İdmançılar 5 növdə yarışa biləcəklər: yüngül atletika, ağır atletika, üzgüçülük, gimnastika və döyüş idman növləri. Faktiki olaraq bu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı altında keçirilən yarışların alternativi olacaq.

D'Souza BOK-un işindən narazıdı. Onun fikrincə bu təşkilat çoxdan üzərinə düşəni edə bilmir və tibbin inkişafını ləngidir. Aron vurğulayıb ki, dopinqlə bağlı qadağalar olmasaydı, alimlər insan orqanizminin cavan qalması mövzusunda indikindən daha irəlidə olardılar. Təbii ki, Aronun ideyasına qarşı çıxanlar az deyil. Məsələn, yüngül atletika üzrə dördqat Olimpiya çempionu Maykl Conson bu ideyanı uğursuz piar addım adlandırıb. Hərçənd Aronun dediyinə görə bir cox tanınmış idmançılar artıq indidən onunla əlaqə saxlayaraq yeni yarışlarda iştirak etməyə hazır olduqlarını bildiriblər. Böyük Britaniyanın antidopinq təşkilatının bir üzvü bu cür oyunların keçirilməsinin mümkünlüyünə görə narahatlıq keçirdiklərini etiraf edib. O bildirib ki, yenilənmiş oyunlar idmançıların orqanizmi üçün ciddi təhlükə yarada bilər.

Aron isə əmindi ki, məhz bu yarışlar sayəsində ictimaiyyətin insan orqanizmi ilə bağlı anlayışı və təsəvvürü dəyişəcək: ''40, 50, 60 yaşında insanların da dünya rekordunu qırdığını görmək istəyirəm. Çünki effektli tibb sahəsi yaşlanmağa qarşı mübarizənin əsas açarıdı. Daim cavan qalmağın yolunu tapa bilərik''.