Azərbaycanın sərbəst güləş millisinin üzvü Giorgi Meşvildişvili Macarıstanın paytaxtı Budapeştdə keçirilən ilin son reytinq turnirinə qələbə ilə başlayıb. Sport24.az xəbər verir ki, 125 kq çəkidə mübarizə aparan Meşvildişvili təsnifat mərhələsində polşalı Robert Barana 2:0 hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda ABŞ-li Demetrius Tomasla qarşılaşacaq.

 

Qadın güləşində 55 kq çəkidə çıxış edən Gültəkin Şirinova isə təsnifat mərhələsində ukraynalı Nataliya Klivçutskaya məğlub olub. Azərbaycan təmsilçisinin təsəlliverici görüşlərə qatılması rəqibinin finala yüksəlməsindən asılıdır. Klivçutska dörddəbir finalda qazaxıstanlı Aynur Aşimova ilə üz-üzə gələcək.

 

79 kq çəkidə Cəbrayıl Hacıyev mübarizəyə birbaşa dörddəbir finaldan başlayacaq. Onun rəqibi qazaxıstanlı Şamsat Tair olacaq.

 

92 kq çəkidə mübarizə aparan güləçimiz Ali Tsokayev səkkizdəbir finalda ABŞ-li Dastin Plottla güləşəcək. 97 kq-da Osman Nurmaqomedovun ilk rəqibi polşalı Zbiqnev Baranovski olacaq. Baranovski təsnifat mərhələsində bolqarıstanlı Andriyan Valkanovu məğlub edib.

 

Qeyd edək ki, turnirin ilk günündə İslam Bazarqanov, Nürəddin Novruzov və Kənan Heybətov bürünc medal görüşlərində məğlub olublar. Beləliklə, Azərbaycan yığması ilk yarış gününü medalsız başa vurub.

 

Növbəti günlərdə qadın güləşçilər Nərgiz Səmədova, Əsmər Cankurtaran, Jalə Əliyeva, Birgül Soltanova və Nigar Mirzazadə də xalça üzərinə çıxacaqlar. Yunan-Roma güləşində isə Elmir Əliyev, Murad Məmmədov, Sakit Quliyev, Məhəmməd Şükürzadə və Arif Niftullayev Azərbaycanı təmsil edəcəklər. Turnir iyulun 19-dək davam edəcək.