Final mərhələsi gələn il keçiriləcək dünya çempionatının elit-raundunda Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderland yığmaları ilə qarşılaşacaq.

Sport24.az xəbər verir ki, milli üzvü Tyaqo Bolinya bununla bağlı federasiyanın rəsmi saytına açıqlama verib:

“İşimiz çətin olacaq, ancaq yaxşı şansımızın olduğunu da deyə bilərəm. Nisbətən Qazaxıstan millisi favorit hesab olunur. Onları son illərdə daha yaxşı çıxış etdiklərini nəzərə almaq lazımdır. Rumıniya millisi ilə qarşılaşmasaq da, klub səviyyəsində "Araz-Naxçıvan"ın heyətində onların çempionu olmuş “Deva” ilə üz-üzə gəlmişdik. Məğlub olduğumuz qarşılaşma çox çətin keçmişdi. Niderland isə 1 il əvvəl Avropa çempionatına evsahibliyi etməklə yanaşı, iştirak etmək hüququ da qazanmışdı. Güclü rəqibdir. Ancaq indiyəqədərki nəticələrə, iştirak etdikləri turnirlərə diqqət yetirsək, Qazaxıstan qədər deyillər.

Biz də yaxşı oynayırıq, qatıldığımız yarışlarda favorit hesab olunuruq. Təbii ki, sözlə heç nə həll olunmur. İddian böyükdürsə və ona çatmaq istəyirsənsə, yaxşı hazırlaşmalısan, bir neçə toplanış keçirməlisən, yoldaşlıq oyunlarında gücünü sınamalısan və rəsmi oyunlara qədər hansı çatışmazlıqların varsa, onları qaydasına salmalısan. Komandamızın əksər üzvü başqa klublarda, çempionatlarda çıxış edir, fərqli üslubda oynayırlar. Bir yerdə daha çox məşq etməliyik ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək, istədiyini özünə qaytaraq. Yenə deyirəm, nəticəmiz yaxşı ola bilər. Çünki komanda yoldaşlarıma güvənirəm.

Vacib olan evdə keçirəcəyimiz hər 3 oyunda qələbə qazanmaq, səfər matçlarında isə mümkün qədər çox xal toplamaqdır”.