"Futbolçularıma ilk turda qazandığımız 1 xala görə eyforiyaya qapılmamağı tövsiyə etmişdim". Bunu Sport24.az-a açıqlamasında komandanın baş məşqçisi Zaur Hacıyev bildirib.

Mütəxəssis komandasının I Liqanın ikinci turunda "Səbail"ə məğlubiyyətini şərh edib:

"Təəssüf ki, "Səbail"ə məğlub olduğumuz oyunda komandamın çıxışından razı qalmadım. Halbuki qarşılaşmanın gedişində oyunumuz yaxşı alınırdı və ilk qolu da biz vura bilmişdik. Lakin ikinci hissənin əvvəlində müdafiədə buraxdığımız səhvdən sonra qapımızda qol gördük. Komandamızın kifayət qədər çatışmazlığı və səhvləri var. Xüsusilə futbolçuların fiziki durumundan razı qalmadım. Bunu süni örtüklü meydanda məşq etdikdən sonra birdən-birə təbii örtüyə keçməyimizlə də əlaqələndirmək olar. Amma mən bəhanələri sevən məşqçi deyiləm və problemlərin səbəbini bəhanələrlə izah etmək fikrində deyiləm. Birinci Liqada ilk ilimizdir. Yeni komanda olduğumuz üçün sponsorların cəlb olunması məsələsində də müəyyən ləngimələr yaşanır. Hazırda heyətimiz kifayət qədər kasaddır. Bir neçə futbolçunu komandaya cəlb etməyi düşünürük. Sadəcə, yeni maliyyə mənbəyinin gecikməsi transfer çalışmalarımıza müəyyən qədər mane olur. Buna baxmayaraq, heyəti gücləndirmək və qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə etmək üçün işimizi davam etdirəcəyik".

Qeyd edək ki, "Səbail" "Xankəndi" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.