Azərbaycan minifutbol çempionatında yeni mövsümün püşkü atılıb. Sport24.az xəbər verir ki, tədbirdə iştirak edən Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov jurnalistlərin suallarını cavablandırdı:

 

– Minifutbol Federasiyası olaraq 8-ci dəfə yerli çempionatı keçiririkik. 12 komandalı yarış olacaq. Minifutbolun inkişafı və yeni istedadların kəşfi prioritetimizdir. Bu il millimiz Avropa çempionu oldu və bu göstərir ki, çempionatımız güclüdür, rəqabət var. Məqsədimiz bu işləri davam etdirməkdir. Qarşıdan dünya çempionatı gəlir. Əminik ki, builki çempionat da rəqabətli keçəcək. Klublarla, futbolçularla görüşdük və uğurlar arzu etdik.

 

– Dünya Minifutbol Federasiyasına da üzvsünüz. Bakıda olan FIFA prezidenti Canni İnfantino ilə minifutbolun bu qurumun bayrağı altına keçməsiylə bağlı görüş planlaşdırırsınızmı?


– Biz sadəcə üzvük. Keçirilən konfranslarda daim bunları müzakirə edirik. Minifutbolun FIFA-ya üzv olması gündəmdədir. Amma hazırda bir təkliflə çıxmaq, onlarla görüşmək bizim yox, Dünya Minifutbol Federasiyasının işidir.

 

– Minifutbol üçün xüsusi bazanın inşası nəzərdə tutulurdu. Məsələ nə yerdədir?


– Hazırda oyunları Tennis Akademiyasında keçiririk. Ora investisiya qoyaraq, sırf minifutbol üçün mərkəz etmişik. Baza məsələsi də gündəmdədir, layihəsi də hazırdır. Sadəcə dövlət orqanları ilə danışıqlar qalıb.

 

– Çempionata 1/4 finaldan Naxçıvan təmsilçisi də qoşulacaq. Liqada bir oyunun orada keçirilməsi planlaşdırılır?


– Naxçıvanda şəraitlə tanış olmuşam. Bizim üçün əsas məqsəd region komandaların da minifutbola cəlb olunmasıdır. Naxçıvanda müsbət işlər gördük.

 

– Avropa çempionatında dubl etdiniz. İndi isə dünya çempionatında bunun ardını gətirmək lazımdır…


– Uğuru qorumaq asan deyil. Çalışırıq, yeni istedadlar kəşf edirik, məqsədlərimiz var. Titulu qorumaq onu qazanmaqdan daha çətindir.

 

– Minifutbol çempionatı yeni başlayanda hədəf var idi ki, Premyer Liqa klublarının da komandaları iştirak etsin. Bu məsələ müzakirə edilir?

 

– Daim danışırıq və bir neçə müsbət məqamlar var. Amma böyük klubları minifutbola cəlb etmək asan iş deyil. "Zirə"nin iştirakı digər komandalar üçün motivasiya olmalıdır. Bəzi kollektivlər də qoşulmaq istəyirdi, amma sonra alınmadı. Bizim üçün stabilliyi qorumaq vacibdir. Yeni üzvlər qısa yox, uzunmüddətli olmalıdır.