Çinin "Dongpeng", "Mengniu" və "Milkground" şirkətləri "Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə reklam tərəfdaşlıqlarını dayandırdıqlarını elan ediblər. Sport24.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu qərar futbolçunun Çin lideri Mao Zedunu "diktator" adlandırdığı iddia edilən bir videonun ortaya çıxmasından sonra qəbul edilib.

 

Mbappenin "The Bridge" adlı onlayn şouda iştirakından əvvəl çəkilmiş videoda ondan özünün yer aldığı ən sevdiyi "mem" (internet zarafatı) barədə soruşulub. O, "çinli diktator" kimi təqdim etdiyi bir şəxsin yer aldığı videonu xatırlayıb. Daha sonra görüntülərdə Mao Zedunun üzərinə fransız hücumçunun simasının yerləşdirildiyi montaj olunmuş bir şəkil nümayiş etdirilib.

 

Şirkətlər qərarlarının dəqiq səbəblərini açıqlamasalar da, bəyanatlarında milli hissləri təhqir edən hər hansı ifadə və ya hərəkətin əleyhinə olduqlarını vurğulayıblar. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Quo Jiakun da bildirib ki, bu cür şərhlər Çin cəmiyyətində geniş narazılığa və qınağa səbəb olub.

 

"RedNote" sosial media platforması da tənqidlərə qoşularaq, Mbappe ilə tərəfdaşlığın 31 dekabr 2024-cü il tarixində başa çatdığını elan edib və futbolçunun yer aldığı bütün reklam materiallarının silindiyini təsdiqləyib.

 

Videonun yayılmasından sonra Çin sosial şəbəkələrində Mbappeni boykot etmək çağırışları artıb, həmçinin digər müqavilələrin də ləğv edilməsi barədə xəbərlər yayılmağa başlayıb.