"Tottenhem"in hücumçusu Riçarlisonun "Vasko da Qama"ya transferi baş tutmayıb. Sport24.az xəbər verir ki, bu barədə Braziliyanın "UOL" nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqlar nəticə verməyib və futbolçunun hazırkı "transfer pəncərəsi"ndə Braziliya klubuna keçidi mümkün olmayacaq. Riçarlisonun özü də "Vasko da Qama"nın rəhbərliyinə bu barədə məlumat verib.

Braziliyalı forvardın icarəyə keçidi ilə bağlı razılıq əldə olunmasına əsas maneə "Tottenhem"in xaricə futbolçu icarəyə vermək limitinə çatması olub. London klubu FİFA qaydalarına əsasən artıq 6 futbolçusunu bu formada başqa ölkələrə göndərib və daha bir oyunçunu icarəyə verə bilməz.

"Vasko da Qama" Riçarlisonun transfer hüquqlarını almaq variantını da nəzərdən keçirib. Lakin 29 yaşlı hücumçu uzunmüddətli müqavilə imzalamaqda maraqlı olmayıb.

Qeyd edək ki, Riçarlison "Tottenhem"in Premyer Liqa üçün sifariş ərizəsindən çıxarılıb. O, yanvara qədər klubun U-21 komandasında çıxış etməli olacaq. Futbolçuya digər klublardan da maraq olduğu, lakin danışıqların Avropanın əsas "transfer pəncərəsi" bağlanana qədər nəticələnmədiyi bildirilir.