Futbolda haqsızlıqla üzləşməyən klub yoxdur. Hər dəfə "Turan Tovuz" hansısa olayla qarşılaşanda futbol ictimaiyyətində eyni fikirlər səslənməyə başlayır: Ehtiram Quliyevi futboldan küsdürmək olmaz, o, futboldan gedə bilər.

Amma heç kəs düşünmür ki, Ehtiram bəyin futbola, idmana yönəlməsinin, sərmayə yatırmasının pərdəarxası məqamları var. Amma budəfəki mövzumuz başqa yöndədi.

Ehtiram Quliyev futbola yatırım edir, klub üçün çalışır. Bu, danılmaz faktdır. Amma bu o demək deyil ki, hər hansı hadisədən sonra küsüb getmək ehtimalı üzərindən danışılmalıdır. Futbolda "küsüb getmək", dəymədüşərlik anlayışı yoxdur. Futbol emosiyalarla idarə olunan sahə olsa da, burada əsas olan davamlılıq, sistem və məsuliyyətdir.

Bəs Quliyev Tovuz futbolu üçün nə edib?

Bəli, dəst-xətti utanc gətirsə də, iddialı komanda formalaşdırılıb. Keyfiyyəti aşağı olsa da, legionerlər dəvət olunub, heyət az-çox uğur qazanıb. "Turan Tovuz" çempionatın ən eybəcər futbolunu sərgiləyən komanda olsa da, Premyer Liqadakı nəticələri qənaətbəxşdir. Ancaq məsələ yalnız əsas komandaya sərmayə qoymaqla bitmir.

Ümumi mənzərəyə baxanda Tovuz futbolunun özünün inkişafı istiqamətində görülən işlər barədə ciddi suallar yaranır. Axı Tovuz həmişə Azərbaycan futbolunun məbədlərindən biri sayılıb. Bu bölgə Azərbaycan futboluna kifayət qədər səviyyəli futbolçu və mütəxəssis qazandırıb.

Amma hazırda əsas komandanın məşqçilər korpusunda bir nəfər də olsun tovuzlu mütəxəssis yoxdur. Heç olmasa, həmin məşqçilərdən birini Kurban Berdiyevin yanında işləməyə cəlb etmək olmazdımı? O şəxs böyük təcrübə toplayar, böyük futbolun incəliklərini öyrənər və gələcəkdə komandaya rəhbərlik edə biləcək potensiala sahib olardı. Əgər rəhbərlik Tovuz futbolunun gələcəyini düşünürsə, yerli kadrların yetişdirilməsi də əsas prioritetlərdən biri olmalıdır. Bəs niyə bu yöndə heç bir addım atılmayıb? Məgər klub prezidenti bunu anlamır?!

Klubun idarəetməsi ilə bağlı da suallar az deyil. Səlahiyyət sahiblərindən biri olan Nəsimi Paşayev uzun illər Bakı Metropolitenində çalışıb. Və bu səbəbdən bəlkə də yerin altından xəbərdardı. Amma yerin üstündə, futbol meydanında və futbol ictimaiyyətində vəziyyət tamamilə fərqlidir.

Bu gün Paşayev İdarə Heyətinin üzvü olmaqla yanaşı, klubun ictimaiyyətlə əlaqələri və imic məsələlərinə də məsuliyyət daşıyır. Ancaq bəzən canfəşanlıq kimi təqdim olunan fəaliyyət güzgü effekti verir və piarı antipara çevirir. Kənardan klub haqqında yayılan bəzi xəbərlər və yaradılan informasiya fonu ictimaiyyətdə əks reaksiya doğurur.

Klub daxilində onun fəaliyyəti ilə bağlı fərqli fikirlərin və narazılıqların olduğu barədə də məlumatlar var. Bu iddiaların nə dərəcədə doğru olduğunu klubun daxilindəki insanlar daha yaxşı bilər. Amma bir məsələ dəqiqdir: istənilən klubda vəzifə tutmaqla hörmət qazanmaq eyni şey deyil. İnsan vəzifəyə görə yox, fəaliyyəti, münasibəti və yaratdığı mühitə görə qəbul olunur.

"Turan Tovuz"un bu gün böyük potensialı var. Güclü azarkeş ordusu, futbol ənənələri, iddialı əsas komandası mövcuddur. Amma həqiqətən böyük klub olmaq üçün yalnız legionerlərə və əsas komandaya yatırım etmək kifayət deyil. Yerli məşqçi yetişdirmək, bölgənin futbol potensialından istifadə etmək, sağlam idarəçilik sistemi qurmaq və klubun imicini düzgün formalaşdırmaq lazımdır.

"Turan Tovuz"un qarşısında böyük imkan var. Amma bu imkanlardan düzgün istifadə etmək üçün hər dəfə "Ehtiram Quliyevi futboldan küsdürmək olmaz" demək əvəzinə, daha vacib sualları vermək lazımdır: Tovuz futbolu üçün uzunmüddətli perspektivə nə edilir? Sabah bu klubun yerli mütəxəssisləri, yerli futbolçuları və öz sistemi harada olacaq?

Əsl müzakirə də məhz buradan başlamalıdır.