"Çox ağır oyun alındı. Bu meydanda oynamaq çətin idi. Çox əziyyət çəkdik. Vacib olan 3 xal idi. Onu da qazandıq".
Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Qustavo Klisman Azərbaycan Premyer Liqasının V turunda "İmişli"ni 3:2 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Vurduğu fantastik qolla komandasına qələbə qazandıran braziliyalı yarımmüdafiəçi həmin epizodu belə şərh edib: "Bu, tək mənim qolum deyil. Bütün komandanın əziyyətinin bəhrəsidir".
26 yaşlı futbolçu "Neftçi"nin yarımmüdafiə xəttindəki rəqabət barədə sualı belə cavablandırıb: "Sağlam rəqabət xeyrimizədir. Hər mövqedə rəqabətin olması çox önəmlidir. Bu, bizi inkişaf etdirir. Məşqlərdə hər kəs çalışır özünü yaxşı tərəfdən göstərsin. Yekunda isə baş məşqçi kimlərin oynayacağına qərar verir. Əslində kimin oynayıb-oynamaması fərq etmir. Əsas odur ki, zaman keçdikcə komandamız daha da yaxşılaşır".