Formula-1-də Kanada Qran-prisi baş tutub. Sport24.az xəbər verir ki, Monrealda keçirilən yarışda sürpriz qeydə alınmayıb.

Təsnifatı yaxşı keçirərək pol qazanan ''Red Bull'' pilotu Maks Ferstappenə əsas yarışda da rəqib tapılmaylv. Niderlandlı pilot növbəti qələbəsini qazanaraq şəxsi birincilikdəki liderliyini bir qədər də möhkəmləndirib. İndi onun aktivində 195 xal var və Maks ən yaxın izləyicisini 69 xal qabaqlayır. Monrealda 2-cilik ''Aston Martin'' pilotu Fernando Alonsoya, 3-cülük ''Mersedes'' pilotu Lyuis Hemiltona qismət oldu.

Qeyd edək ki, hegemonluğunu davam etdirən ''Red Bull'' ardıcıl 9-cu, son 19 yarışda 18-ci və ümumilikdə yubiley - 100-cü qələbəsini qazanıb Bu 18 qələbədən 15-i Ferstappenin, 3-ü Serxio Peresin aktivindədi. Avstriyalılar ''Formula-1'' tarixində ''Ferrari (242), ''Maklaren'' (183), ''Mersedes'' (125) və ''Uilyams''dan (114) sonra 100 qələbə həddinə çatan 5-ci komanda olublar. Ferstappen isə karyerasında 41-ci zəfərini əldə etməklə 3 qat dünya çempionu Ayrton Sennaya çatıb. Onları yalnız Lyuis Hemilton (103 qələbə), Mihael Şumaxer (91), Sebastyan Fettel (53), Alen Prost (51) qabaqlayır.