Formula 1 üzrə Yaponiya Qran-prisinin qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, yarışa poul mövqeyindən başlayan italiyalı pilot Kimi Antonelli finiş xəttini birinci keçib.
Bu qələbə sayəsində Antonelli çempionatın liderliyinə yüksəlib və komanda yoldaşı Corc Rasseli geridə qoyub. 19 yaşlı sürücü 72 xalla pilotlar sıralamasında zirvəyə çıxaraq Formula 1 tarixinin ən gənc çempionat lideri olub.
"McLaren"in pilotu Oskar Piastri yarışı ikinci sırada başa vuraraq mövsümdə ilk xallarını qazanıb. "Ferrari"nin sürücüsü Şarl Lekler isə üçüncü yeri tutaraq podiumu tamamlayıb.
Digər nəticələrə gəlincə, "Mercedes"də Corc Rassel yarışı 4-cü, "McLaren"də Lando Norris 5-ci, "Ferrari"də isə Lyuis Hamilton 6-cı sırada bitirib.
Yarışa "Red Bull" komandası ilə 11-ci yerdən başlayan niderlandlı Maks Verstappen finişə 8-ci çatıb.
"Haas"da Oliver Berman qəza səbəbindən yarışı davam etdirə bilməyib. "Aston Martin" pilotu Lens Stroll isə texniki problemlərə görə mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, təhlükəsizlik səbəbilə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri təqvimdən çıxarılan Formula 1 mövsümü mayın 3-də keçiriləcək Mayami Qran-prisi ilə davam edəcək.