"Mersedes"in pilotu Corc Rassell "Formula 1" üzrə Azərbaycan Qran-Prisində möhtəşəm çıxış edərək mövsümün növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, britaniyalı sürücü əsas yarışda birinci olaraq Bakı mərhələsini dominantlıqla başa vurub.

 

Yarışdan sonra məmnunluğunu gizlətməyən pilot hisslərini bölüşüb:

 

"Kürsünün ən yüksək pilləsinə qayıtmaq inanılmazdır. Komandama təşəkkür edirəm, çətin anlarda belə mənə inanmağa davam etdilər və buralara gəlməyimə kömək oldular. Yarışın ilk yarısı rahat keçdi, fərqi açdım. Lakin güzgüdə Maksı görəndə asan olmayacağını anladım. O, yarışın sonunu möhtəşəm keçirdi. Valteri Bottasın qəzasına görə sarı bayraqlar dalğalananda qazı buraxdım, yenidən sürətlənmək istəyəndə isə gücün itdiyini hiss etdim. Maks finişdə az qala məni keçirdi. Hər bir halda, möhtəşəm həftəsonu oldu".

 

Özünəinamın bərpa olunması barədə danışan britaniyalı sürücü yay fasiləsindən sonra özünü daha yaxşı hiss etdiyini bildirib. Sonda çempionluq mübarizəsi haqqında sualı cavablandıran Rassell iddialı danışıb:

 

"Məqsədim qalan bütün yarışlarda qələbə qazanmaqdır. Oyun planım budur. Komanda yoldaşım mövsümü əla keçirir, demək olar ki, səhvsiz sürür. Artıq həlledici mərhələyə çatmışıq. Əgər bu həftəsonundakı kimi çıxış etməyə davam etsəm, mövsümün sonununda özümdən razı qalacağam. Mənim üçün ağır dövr idi, amma hər şeyi geridə qoyduğumu hiss edirəm".