Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-nın dəstəyi ilə həyata keçirdiyi Qadın Məşqçiləri üçün İnkişaf Proqramı çərçivəsində UEFA C lisenziya kursuna start verib. Sport24.az xəbər verir ki, proqramın ilk kursunun açılışında AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Məşqçi Təhsili Şöbəsinin rəhbəri Aslan Kərimov və təhsil üzrə ekspert Nigar Nəsrullayeva iştirak ediblər.

 

Proqramın əsas məqsədi qadınların futbol məşqçiliyi sahəsində peşəkar inkişafını dəstəkləmək, UEFA lisenziyalı qadın məşqçilərin sayını artırmaq və onların futbolun müxtəlif səviyyələrində fəaliyyət imkanlarını genişləndirməkdir.

 

Proqram çərçivəsində təşkil olunan UEFA C lisenziya kursuna Bakıdan və regionlardan 21 qadın məşqçi cəlb olunub. Kurs müddətində iştirakçılara məşqçilik fəaliyyətinin əsas prinsipləri, məşq prosesinin planlaşdırılması və təşkili, futbolçuların inkişafı, məşq metodologiyası və praktiki məşqçilik bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bilik və bacarıqlar aşılanır. Tədris prosesi nəzəri və praktiki məşğələləri, eləcə də iştirakçıların öz komandaları ilə yerinə yetirəcəkləri praktiki tapşırıqları əhatə edir.

 

Təlimlər qadın futbolu üzrə texniki direktor Emrah Aykurt, həmçinin AFFA-nın Məşqçilik Təhsili Şöbəsinin instruktor və tutorları tərəfindən keçirilir.

 

Qadın məşqçilər üçün inkişaf proqramı 2027-ci ildə də davam edəcək.

 

AFFA-nın həyata keçirdiyi proqram çərçivəsində UEFA C, UEFA B, UEFA A və UEFA Fitnes B səviyyələri üzrə kurslarda iştirak etmək istəyən qadın məşqçilər üçün müraciətlərin qəbulu davam edir.

 

Proqram qadın məşqçilərin müxtəlif ixtisaslaşma və lisenziya səviyyələri üzrə peşəkar inkişafını dəstəkləməyi, onların bilik və təcrübəsini artırmağı, eləcə də Azərbaycan futbolunda məşqçi potensialını genişləndirməyi hədəfləyir.