​"Aston Villa"nın baş məşqçisi Unay Emeri komandası ilə qazandığı uğurlardan sonra ambisiyalı açıqlamalar verib. Sport24.az xəbər verir ki, 53 yaşlı ispaniyalı mütəxəssis Birmingem klubuna gələrkən qarşısına qoyduğu əsas hədəflərdən danışıb:

"Villa"da işə başlayanda arzum Avropada oynamaq və kuboklar uğrunda mübarizə aparmaq idi. Bu, ilk titulumuza çevrildi. İki yarımfinal oynadıq və uğura çox yaxın olduq".

Emeri bu təcrübələrin komandanın inkişafı üçün mühüm rol oynadığını vurğulayıb:

"Bu təcrübələr daha da güclənmək üçün çox önəmlidir. Klub uzun müddətdir ki, Avropa kuboklarından və titullardan uzaq düşmüşdü. Buna nail olmaq bizi çox xoşbəxt edir. Amma dayanmaq fikrində deyilik".

Təcrübəli çalışdırıcı avrokubokların onun karyerasındakı yerinə və komandasının turnirə yanaşmasına da toxunub:

"Avropa mənə çox şey qazandırıb və buna görə hər zaman minnətdaram. Konfrans Liqası, Çempionlar Liqası, Avropa Liqası – fərq etməz, xüsusilə Avropa Liqasına böyük hörmətim var. Bu mövsüm çox ciddi və tam fokuslanmış şəkildə çıxış etdik. Futbolçular meydanda nə qədər istəkli olduqlarını göstərdilər. Onlara deyirdim ki, bu turnirdə istək nümayiş etdirməli və əsas rolun sahibi olduğunuzu göstərməlisiniz. Onlar da bunu etdilər".

Sonda baş məşqçi heyətdə həm titullu, həm də ilk kubok sevincini yaşayan oyunçuların olduğunu xatırladaraq komandadakı balansdan razılığını ifadə edib.