"Mançester Siti"nin sabiq baş məşqçisi Pep Qvardiolanın klubdakı son iki mövsümünü əhatə edən sənədli filmdə onun şəxsi həyatı və komandadakı münasibətləri ilə bağlı maraqlı detallar üzə çıxıb. Sport24.az xəbər verir ki, "A Beautiful Obsession" adlı dörd hissəli sənədli filmdə ispaniyalı mütəxəssisin həyatının ən çətin dönəmlərindən bəhs olunur.

Filmdə Qvardiolanın həyat yoldaşı Kristina Serradan boşanmasının onun psixoloji durumuna və məşqçilik fəaliyyətinə ciddi təsir etdiyi qeyd edilir. Mütəxəssisin köməkçisi Manel Estiarte bildirib ki, Qvardiolanın kədərli və fərqli davranışını görən futbolçulara ona qarşı anlayışlı olmalarını deyib.

Qvardiola "Yuventus"a məğlubiyyətdən sonra futbolçularına şəxsi həyatı ilə bağlı etiraf edib. O, həyat yoldaşını hələ də çox sevdiyini, lakin münasibətlərində əvvəlki ehtirasın qalmadığını bildirib.

Sənədli filmdə Qvardiolanın Kayl Uokerlə də ciddi mübahisəsi nümayiş olunur. "Liverpul"a 0:2 hesabı ilə məğlubiyyətdən sonra baş verən mübahisə zamanı ispaniyalı mütəxəssis emosiyalarını cilovlaya bilməyib və göz yaşlarını saxlaya bilməyib.

Qvardiolanın Erlinq Holandla da sərt danışığı sənədli filmdə yer alıb. "Mançester Siti"nin çalışdırıcısı İngiltərə Kubokunun finalında norveçli hücumçudan daha mübariz oynamasını tələb edib.

Filmin son bölümündə Qvardiolanın "Mançester Siti"dən ayrılmaq qərarı ilə bağlı görüntülər də təqdim olunur. Mütəxəssis futbolçularına "getmək vaxtımın gəldiyini" deyib.

Qeyd edək ki, Qvardiola 2026-cı ilin yayında "Mançester Siti"də 10 illik fəaliyyətini başa vurub.