Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü tura start verilib. Sport24.az xəbər verir ki, turun açılış oyununda "Turan" doğma meydanda "Naxçıvan"ı qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Turan" ilk setdə 25:14, ikinci setdə 25:18, üçüncü setdə isə 25:20 hesabı ilə üstün olub.
Beləliklə, Tovuz təmsilçisi mövsümdə doğma meydanda ilk qələbəsini qazanıb və məğlubiyyətsiz seriyasını davam etdirib.
Üçüncü turun növbəti qarşılaşması noyabrın 19-da keçiriləcək. Həmin gün saat 16:00-da UNEC öz idman zalında "Azərmaş Abşeron"u qəbul edəcək.
Noyabrın 20-də saat 16:00-da "AZERRAIL" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "DH Volley" ilə üz-üzə gələcək.
Tura noyabrın 21-də yekun vurulacaq. Son qarşılaşmada "Murov Az Terminal" doğma meydanda "Gəncə"ni qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.