PSJ "Mançester Yunayted"in müdafiəçisi Leni Yoronu heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Paris klubunun nümayəndələri Millətlər Liqasında Fransanın Belçikanı 4:1 hesabı ilə məğlub etdiyi matçda 20 yaşlı futbolçunun çıxışını izləyiblər. Həmin oyun Yoronun əsas millidə debütü olub.
"Mançester Yunayted" isə fransalı futbolçunu gələcək üçün əsas oyunçu hesab edir və onunla yolları ayırmaq niyyətində deyil. Bununla belə, cəlbedici maliyyə təklifi daxil olacağı təqdirdə, İngiltərə klubunun rəhbərliyi öz mövqeyinə yenidən baxa bilər.
Qeyd edək ki, Yoro 2024-cü ilin yayında 62 milyon avro (üstəgəl 8 milyon avro bonus) qarşılığında "Lill"dən "Mançester Yunayted"ə keçib. O, Premyer Liqa tarixində 20 yaşadək olan ən bahalı futbolçuya çevrilmişdi.